Xəbər lenti

Bədənini laboratoriyaya çevirən alim: Elm naminə oğlunu da təhlükəli təcrübələrə cəlb etdi
Dünya 18:40 27.07.2026

Bədənini laboratoriyaya çevirən alim: Elm naminə oğlunu da təhlükəli təcrübələrə cəlb etdi

Elm tarixində öz üzərində təcrübələr aparan alimlər az olmayıb. Lakin şotlandiyalı fizioloq Con Skott Haldeynin (John Scott Haldane) tətbiq etdiyi üsullar bu gün də qeyri-adi və riskli hesab olunur.

Qaynarinfo xəbər verir ki, təxminən 100 il əvvəl insan orqanizminin oksigen çatışmazlığına necə reaksiya verdiyini öyrənmək üçün müasir tədqiqat vasitələri mövcud deyildi. Bu səbəbdən bəzi alimlər araşdırmalarını aparmaq üçün öz həyatlarını təhlükəyə atırdılar. Şotlandiyanın varlı ailələrindən birində doğulan Con Skott Haldeyn 76 illik ömrünü məhz bu sahədə elmi tədqiqatlara həsr edib.

Oğlunu da təcrübələrə cəlb edib

Məqalədə qeyd olunur ki, həmin dövrdə müasir etik qaydalar və elmi nəzarət mexanizmləri hələ formalaşmadığından Haldeyn tədqiqatlarında olduqca riskli üsullardan istifadə edirdi.

O, müxtəlif qazların insan orqanizminə təsirini öyrənmək üçün hava keçirməyən xüsusi kamera hazırlamışdı. Alim bu kameraya daxil olaraq müxtəlif qazları, o cümlədən zəhərli qazları tənəffüs edir, orqanizmində baş verən dəyişiklikləri dəqiqliklə qeydə alırdı.

Mənbənin məlumatına görə, Haldeyn bəzi təcrübələrdə oğlu Cek Haldeyni (Jack Haldane) də iştirak etdirib və onu yüksək konsentrasiyalı xlor qazına məruz qoyub.

Qeyri-adi həyat tərzi

Alimin ailəsində baş verən qeyri-adi hadisələr qonşular arasında da məşhur idi.

Rəvayətə görə, bir gün qızı Naomi evə gələn dostuna zarafatla "Atam sənin qanını istəyir" dedikdən sonra uşaq qorxaraq evi tərk edib.

Başqa bir hadisədə isə Haldeyn küçədə sərxoş hesab edilərək polis tərəfindən saxlanılıb. O isə sərxoş olmadığını, sadəcə zəhərli qazlarla apardığı təcrübələrdən sonra bu vəziyyətdə göründüyünü izah etməyə çalışıb.

Mədənçilər və hərbçilər üçün mühüm yeniliklər

Haldeyn tədqiqatlarını yalnız laboratoriya ilə məhdudlaşdırmayıb. O, mədənlərə və kanalizasiya sistemlərinə enərək qaz sızmaları və zəhərlənmə halları ilə bağlı araşdırmalar aparıb.

Bu işlər nəticəsində daşına bilən tənəffüs cihazlarının hazırlanmasına mühüm töhfə verib.

Alim həmçinin mədənlərdə zəhərli qazların erkən aşkarlanması üçün kiçik quşlardan istifadə olunmasını təklif edib. Sonradan "mədəndəki kanareyka" kimi tanınan bu üsul uzun illər təhlükəli qazların müəyyənləşdirilməsi üçün tətbiq olunub.

Qaz maskaları və dalğıclıq sahəsinə töhfə

Birinci Dünya müharibəsi zamanı Haldeyn xlor, fosgen və iprit qazlarından qorunmaq üçün ilk qaz maskalarının hazırlanmasına töhfə verən alimlərdən biri olub.

O, eyni zamanda su altında təzyiq dəyişikliklərini araşdıraraq dekompressiya proseslərini öyrənib və müasir dalğıclıq qaydalarının formalaşmasına mühüm töhfə verib.

Karbonmonoksit üzərində təcrübələr

Haldeyn karbonmonoksitin qandakı hemoqlobinlə qarşılıqlı təsirini öyrənmək üçün öz üzərində təcrübələr aparıb.

O, tənəffüs etdiyi karbonmonoksitin miqdarını tədricən artıraraq qandakı hemoqlobinin karbonmonoksitlə doyma səviyyəsini ölçməyə imkan verən sadə və effektiv metod hazırlayıb.

Bundan başqa, atmosfer təzyiqinin insan orqanizminə təsirini öyrənmək məqsədilə ABŞ-nin Kolorado ştatındakı "Pikes Peak" zirvəsinə qalxaraq yüksək hündürlükdə oksigen çatışmazlığının təsirlərini araşdırıb.

Tarixçilərin fikrincə, Haldeyn öz bədənini elmi araşdırmalar üçün bir növ laboratoriyaya çevirərək fiziologiya elminin inkişafında mühüm rol oynayıb. Bununla yanaşı, onun bəzi təcrübələri müasir elmi-etik normalar baxımından qəbuledilməz hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->