Xəbər lenti

Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
Dünya 11:24 27.07.2026

Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi

Bakının Binəqədi rayonunda gediş haqqı üstündə yaranan mübahisə bir neçə dəqiqə sonra ağır yol-nəqliyyat qəzası ilə nəticələnib.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında sərxoş vəziyyətdə olan N.M. taksi sürücüsü ilə gediş haqqına görə mübahisə edib. Sürücü avtomobili hadisə yerində mühərriki işlək vəziyyətdə qoyaraq uzaqlaşdıqdan sonra N.M. nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirərək idarə etməyə başlayıb.

O, avtomobili Azadlıq prospekti istiqamətində yaşayış məntəqəsində icazə verilən sürət həddini xeyli aşaraq, saatda təxminən 100–120 kilometr sürətlə idarə edib. Yol hərəkəti qaydalarını pozaraq əks hərəkət zolağına çıxıb və "Hollywood" şadlıq sarayının yaxınlığında qarşıdan gələn "Opel Zafira" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Opel Zafira"nın sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkənlərdən ikisinin sağlamlığına az ağır zərər dəyib. Avtomobilə də ciddi maddi ziyan vurulub.

N.M. cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisə baş verən gün tanışı ilə restoranda və gecə klubunda spirtli içki qəbul edib. Daha sonra iki qadınla birlikdə taksi ilə dostunun evinə gediblər.

Onun sözlərinə görə, sonradan taksi sürücüsü ilə aralarında mübahisə yaranıb, sürücü isə avtomobili işlək vəziyyətdə qoyaraq qaçıb. Təqsirləndirilən şəxs bildirib ki, avtomobili sürücüyə qaytarmaq və onun niyə qaçdığını soruşmaq məqsədilə sükan arxasına keçib. O, sürücünün ardınca hərəkət edərkən diqqətinin yayındığını və qarşıdan gələn avtomobillə toqquşduğunu deyib.

Zərərçəkmiş taksi sürücüsü isə məhkəmədə fərqli ifadə verərək bildirib ki, müştərilər gediş haqqını ödəməkdən imtina etdikləri üçün mübahisə yaranıb. Qarşı tərəfin iki nəfər olduğunu və sərxoş vəziyyətdə olduğunu gördüyündən təhlükəsizlik məqsədilə hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra avtomobilinin naməlum şəxs tərəfindən aparıldığını görərək polisə məlumat verib. Təxminən 15–20 dəqiqə sonra ona avtomobillə qəza törədildiyi barədə məlumat verilib.

Qəza zamanı digər avtomobildə olan şəxslər də məhkəmədə verdikləri ifadələrdə bildiriblər ki, qarşıdan gələn "Mercedes-Benz 190" qəfil onların hərəkət zolağına çıxaraq üzbəüz toqquşmaya səbəb olub. Onlar müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlərə dəymiş maddi ziyanı tam ödəyib və onlarla barışıq əldə olunub. Zərərçəkmişlərin heç biri məhkəmədə ona qarşı şikayət və ya əlavə tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə N.M. Cinayət Məcəlləsinin 185.2.3-cü (avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 263-1.1-ci (sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinib. Ona iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 min manat məbləğində cərimə cəzası təyin edilib.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->