Şimali Koreya hazırda təxminən 60 nüvə silahına malik olsa da, ölkə rəhbəri Kim Çen In nüvə arsenalının daha da artırılmasını strateji prioritet hesab edir.
Qaynarinfo xəbər verir ki, amerikalı təhlükəsizlik eksperti Brüs Bennetin "19FortyFive" nəşrində dərc olunan təhlilində bildirilir ki, Pxenyan uzunmüddətli perspektivdə 300-500 nüvə başlığına sahib olmağı hədəfləyə bilər.
Kim Çen Inın əsas məqsədi nədir?
Müəllif yazır ki, Kim Çen Inın siyasətinin mərkəzində üç əsas məqsəd dayanır: şəxsi təhlükəsizliyini qorumaq, hakimiyyətinin davamlılığını təmin etmək və Şimali Koreya üzərində tam nəzarəti saxlamaq.
Ekspert qeyd edir ki, Pxenyan uzun illərdir ABŞ-ı nüvə zərbələri ilə hədələyərək mümkün hərbi müdaxilələrin qarşısını almağa çalışır. ABŞ və Cənubi Koreya dəfələrlə bəyan ediblər ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, Kim rejimi mövcudluğunu itirəcək. Bununla belə, ABŞ-ın İranla bağlı son hərbi əməliyyatları fonunda Kim Çen In Vaşinqtonun çəkindirmə siyasətinin effektivliyini yenidən qiymətləndirə bilər.
Nüvə silahı daxili hakimiyyətin qorunmasına da xidmət edir
Məqalədə vurğulanır ki, nüvə arsenalı yalnız xarici təhlükələrə qarşı deyil, həm də ölkədaxili sabitliyin qorunması üçün istifadə olunur.
Müəllif bildirir ki, Kim Çen In qorxu siyasəti ilə cəmiyyətə nəzarət edir. Şimali Koreyada liderin güclü görünməsi siyasi sistemin vacib elementlərindən biri hesab olunur. Nüvə silahları bu gücün simvoluna çevrilib. Bundan əlavə, Rusiya və Çinin Pxenyana göstərdiyi siyasi dəstək də Kimin mövqeyini gücləndirən amillər sırasındadır.
Cənubi Koreya ilə bağlı strategiya dəyişib
Ekspertin fikrincə, əvvəllər Şimali Koreyanın məqsədi Cənubi Koreyanı işğal edərək yarımadanı birləşdirmək idi. Lakin 2023-cü ilin sonlarından etibarən Kim Çen In bu yanaşmadan imtina edib.
Məqalədə qeyd olunur ki, artıq Cənubi Koreya "əsas düşmən" kimi təqdim edilir. Müəllif hesab edir ki, Kim Çen In ölkə vətəndaşlarının Cənubi Koreyanın yüksək həyat səviyyəsi barədə məlumat əldə etməsinin qarşısını almağa çalışır. Çünki bu məlumatların yayılması rejim üçün təhlükə yarada bilər.
Brüs Bennetin fikrincə, Pxenyan artıq Cənubi Koreyanı işğal etməkdən daha çox, onu siyasi və hərbi təzyiq altında saxlamağa üstünlük verir. Bunun üçün isə güclü nüvə və raket potensialı əsas vasitə hesab olunur.
Niyə yüzlərlə nüvə başlığı istəyir?
Ekspert yazır ki, Kim Çen In yalnız müəyyən sayda hədəfi vurmağı deyil, həm də ABŞ və müttəfiqlərinin raketdən müdafiə sistemlərini nəzərə alaraq kifayət qədər ehtiyat nüvə başlığına sahib olmağı planlaşdırır.
Onun hesablamalarına görə:
ABŞ ərazisində ən azı 25 strateji hədəfi vurmaq üçün 75-100 uzaqmənzilli nüvə raketi lazım ola bilər;
Yaponiya və Çin üçün ümumilikdə 100-150 nüvə başlığı tələb oluna bilər;
Cənubi Koreyada isə 75-100 əsas hədəfi məhv etmək və mümkün itkiləri kompensasiya etmək üçün 150-300 nüvə başlığı lazım olduğu düşünülür.
Beləliklə, yalnız bu məqsədlər üçün ümumi ehtiyac 325-550 nüvə silahı səviyyəsində qiymətləndirilir.
Böyük dövlət statusu əldə etmək istəyi
Məqalədə qeyd olunur ki, Kim Çen In yalnız hərbi üstünlük əldə etməyə deyil, həm də dünya tərəfindən böyük nüvə dövləti kimi qəbul olunmağa çalışır.
Müəllif xatırladır ki, Böyük Britaniyanın təxminən 225, Fransanın isə 290 əməliyyat nüvə başlığı var. Bu səbəbdən Pxenyanın ən azı 300-400 nüvə silahına sahib olmaq istədiyi ehtimal edilir.
Şimali Koreya bu hədəfə nə vaxt çata bilər?
Ekspert bildirir ki, Şimali Koreyanın hazırkı nüvə arsenalı ilə bağlı dəqiq məlumat yoxdur. Müxtəlif qiymətləndirmələrə əsasən, ölkənin 60-150 arasında nüvə silahına malik olduğu güman edilir.
Məqalədə qeyd olunur ki, son illərdə uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsi nəticəsində Şimali Koreya ildə təxminən 20 yeni nüvə başlığı istehsal edə bilər. Bu temp davam edərsə, ölkə 300 nüvə başlığı həddinə 2033-2050-ci illər arasında çata bilər.
Ekspertdən xəbərdarlıq
Brüs Bennet hesab edir ki, Şimali Koreyanın 300 və ya daha çox nüvə silahına sahib olması ABŞ və müttəfiqləri üçün ciddi təhlükə yarada bilər. Onun fikrincə, nüvə arsenalının böyüməsi gələcəkdə nüvə silahından istifadə ehtimalını artıracaq və regionda təhlükəsizlik risklərini daha da dərinləşdirəcək.
Ekspert vurğulayır ki, ABŞ indiyədək diplomatik danışıqlarla Pxenyanın nüvə proqramını məhdudlaşdırmağa çalışsa da, nəticə əldə olunmayıb. Buna görə də Vaşinqtonun bundan sonra həm təşviqedici, həm də təzyiq xarakterli tədbirləri birlikdə tətbiq etməsi vacib hesab olunur.
Günay
Şərhlər