Bakıda fəaliyyət göstərən "MİT Academy” təlim-tədris mərkəzində oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, naməlum şəxs obyektin pəncərəsini açaraq içəri daxil olub, müşahidə kameralarının qeydiyyat sistemini sıradan çıxarmağa cəhd göstərib və pul, eləcə də müxtəlif texniki avadanlıqları oğurlayıb.
Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (yaşayış, xidmət və ya saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) ilə ittiham irəli sürülüb.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs təlim mərkəzinin pəncərəsinə fiziki güc tətbiq edərək içəri daxil olub. Daha sonra müşahidə kameralarının DVR sisteminin kabellərini çıxarıb, rəhbər və tədris otaqlarına keçərək 2 min manat nağd pul, 1200 manat dəyərində "HP” markalı noutbuk, 700 manatlıq "Samsung” markalı mobil telefon, 400 manatlıq "Hollyland” markalı mikrofon, 6 ədəd "Kingston” markalı operativ yaddaş (RAM), iki ədəd 256 GB SSD və bir ədəd 500 GB HDD götürərək hadisə yerindən uzaqlaşıb.
Nəticədə təlim mərkəzinə ümumilikdə 4850 manat maddi ziyan dəyib.
Məhkəmədə ifadə verən müttəhim oğurluğu qismən etiraf edib. O bildirib ki, hadisədən əvvəl restoranda spirtli içki qəbul edib, daha sonra küçədə gəzərkən zirzəmidə yerləşən obyektin pəncərəsinin açıq olduğunu görüb. İçkinin təsiri altında pəncərəni açaraq içəri girdiyini, müşahidə kameralarının kabellərini çıxardığını, bir neçə əşyanı götürdükdən sonra oradan uzaqlaşdığını deyib.
Onun sözlərinə görə, ertəsi gün oğurladığı əşyaları təmir olunması üçün tanışı olan ustaya verib.
Zərərçəkmiş isə ifadəsində bildirib ki, bayram tətilindən sonra iş yerinə qayıdarkən pəncərənin açıq, otaqların isə dağıdılmış vəziyyətdə olduğunu görüb. Obyektdə apardığı baxış zamanı pulun və texniki avadanlıqların oğurlandığını, rəhbər otağının qapısının sındırıldığını, müşahidə kameralarının kabellərinin çıxarıldığını müəyyən edib.
Zərərçəkmiş DVR cihazındakı görüntülərə baxarkən naməlum şəxsin gecə saatlarında pəncərəni açaraq obyektə daxil olduğunu gördüyünü bildirib. O, məhkəmədə ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə müttəhimə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Seyid
Şərhlər