Xəbər lenti

Mərc şirkəti ilə əməkdaşlığı Pirlonun İtaliya millisinə yolunu bağladı
İdman 16:45 27.07.2026

Mərc şirkəti ilə əməkdaşlığı Pirlonun İtaliya millisinə yolunu bağladı

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo artıq ölkə yığmasının baş məşqçisi vəzifəsinə namizəd hesab olunmur. 

Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, buna səbəb onun Rusiya bukmeker şirkəti "Fonbet" ilə kommersiya əməkdaşlığı ətrafında yaranan tənqidlər olub.

Bildirilib ki, 47 yaşlı Pirlo ispaniyalı Pep Qvardiolanın bu vəzifədən imtina etməsindən sonra Cennaro Qattuzonu əvəzləməyə əsas namizədlərdən biri sayılırdı. Lakin onun Rusiyanın "Fonbet" şirkətinin qlobal brend səfiri olması İtaliya Futbol Federasiyası nümayəndələri və ölkə rəsmilərinin etirazına səbəb olub.

Agentlik xatırladıb ki, Pirlo daha əvvəl "Fonbet"lə əməkdaşlığını müdafiə etmişdi. O bildirib ki, iyulun 26-da ona namizədliyinin artıq nəzərdən keçirilmədiyi barədə məlumat verilib.

"Dünən axşam İtaliya millisinin baş məşqçisi postuna namizəd olmadığımı öyrəndikdən sonra bəzi məqamlara aydınlıq gətirməyi özümə borc bilirəm. Son günlər adım ətrafında yaranan müzakirələri və bu vəzifə ilə bağlı mübahisələri böyük təəssüflə izlədim. İstər futbolçu, istərsə də məşqçi kimi bütün karyeram boyunca çalışdığım ölkələrin qanunlarına və imzaladığım müqavilələrə tam uyğun fəaliyyət göstərmişəm", deyə Pirlo sosial şəbəkədə yazıb.

"Reuters"in məlumatına görə, Pirlo "Fonbet" ilə brend səfiri müqaviləsini ötən ilin oktyabrında imzalayıb. O vurğulayıb ki, bu əməkdaşlıq yalnız kommersiya və idman xarakteri daşıyır.

"Bu əməkdaşlığa siyasi məna vermək mənə heç vaxt ifadə etmədiyim və mənə yad olan baxışları aid etmək deməkdir", deyə Pirlo bildirib.

Pirlo həmçinin keçmiş komanda yoldaşı Marko Materatsi ilə birlikdə Moskvanın "Lujniki" stadionunda "Fonbet"in təşkil etdiyi tədbirdə iştirak etdikdən sonra da tənqid hədəfinə çevrilmişdi. O, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü fonunda Rusiya şirkətinə dəstək verməkdə ittiham olunmuşdu.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->