Xəbər lenti

Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb
Ekonomiks 14:48 27.07.2026

Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "Texno Lyuks M” MMC ilə növbəti iri həcmli satınalma müqaviləsi imzalamağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, şirkət ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə məktəblərin fiber-optik kabel vasitəsilə internetə və daxili şəbəkəyə qoşulması işləri üzrə keçirilən tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin dəyəri 7 990 080,52 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Texno Lyuks M” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 37-də yerləşir. Qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

Diqqət çəkən məqamlardan biri şirkət haqqında açıq mənbələrdə geniş məlumatın olmamasıdır. "Texno Lyuks M” MMC-nin fəaliyyəti, icra etdiyi layihələr, texniki imkanları və bazardakı mövqeyi barədə ictimaiyyət üçün əlçatan ətraflı məlumatlara rast gəlinmir. Şirkətin qanuni təmsilçisi barədə də açıq mənbələrdə geniş informasiya mövcud deyil.

Dövlət satınalmalarının vahid internet portalında aparılan araşdırmaya əsasən, "Texno Lyuks M” MMC son illərdə dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən biridir. Şirkətin əsas xüsusiyyəti isə daha çox Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan qurumların keçirdiyi tenderlərin qalibi olmasıdır.

Şirkət cari ildə də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi bir neçə satınalma müsabiqəsində qalib gəlib. Bunlara təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətləri, eləcə də Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi işləri daxildir.

Həmin tenderlər üzrə bağlanmış satınalma müqavilələrinin ümumi dəyəri 9 080 307,67 manat təşkil edib.

"Texno Lyuks M” MMC ötən il də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi üç tenderin qalibi olub. Həmin müqavilələrin ümumi dəyəri 9 664 520,87 manat təşkil edib.

Beləliklə, şirkət 2025–2026-cı illər ərzində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən ümumilikdə 26 734 909,06 manat məbləğində sifariş əldə edib.

Milyonlarla manatlıq dövlət sifarişləri qazanan şirkət barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdudluğu diqqət çəkir. Açıq mənbələrdə şirkətin fəaliyyəti, kadr potensialı, icra etdiyi iri layihələr və texniki resursları barədə məlumatların azlığı suallar doğurur.

Xüsusilə təhsil müəssisələrinin rəqəmsal infrastrukturu kimi strateji sahədə milyonlarla manatlıq layihələr həyata keçirən şirkətlərin fəaliyyəti, təcrübəsi və icra imkanları barədə daha geniş məlumatın ictimaiyyətə təqdim edilməsi şəffaflıq baxımından əhəmiyyətli hesab olunur.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->