Xəbər lenti

Siyasət 13:32 28.11.2023

Blinkenin zəngi Azərbaycanın mövqeyinə necə təsir edəcək? (ŞƏRH)

"Bakı öz mövqeyindən dönməyəcək".
 
Bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını şərh edərkən deyib. 

Tofiq Zülfüqarov bildirib ki, ölkəmizi ABŞ-ın vasitəçiliyi qane etmir:
 


"Bu barədə nəsə demək çətindir. ABŞ-ın bu məsələ ilə bağlı iddialarına Azərbaycanın mövqeyi artıq bəllidir. Narazılığı gündəmə gətirən ictimaiyyətə açıq çıxış idi. Çıxışa aydınlıq gətirilib, yaxud da nəsə bir şey olubsa, bu ayrı məsələ. Amma Bakının öz mövqeyindən dönəcəyinə inanmıram. Azərbaycan haqlı fikrində möhkəm dayanıb. Azərbaycan təklif edir ki, danışıqlar ikitərəfli əsasda Tiflisdə, yaxud da sərhəd zonasında keçirilsin. Bu bizim mövqemizdir”. 
 
"Vaşinqton Azərbaycana münasibətdə səhv siyasətindən geri çəkilməlidir"

"Blinkenin zəngi danışıqların Amerika platformasında davam etməsi üçün yetərli deyil". 

Bu açıqlama isə hüquqşünas Qulamhüseyn Əlibəyliyə məxsusdur. Ekspertin fikrincə, ABŞ-ın son dövrlər ölkəmizə münasibətdə yeritdiyi siyasət onu deməyə əsas verir ki, Azərbaycan haqlı olaraq Vaşinqton platformasından imtina edib:



"Çünki ABŞ artıq özünü Ermənsitanın tərəfdaşı kimi aparır, onun müdafiəsilə məşğul olur. Düzdür, ABŞ platformanın fiaskoya uğramasını istəmir. Onlar vasitəçilik missiyasını həyata keçirməklə eyni zamanda öz dövlət maraqlarına daha çox üstünlük verirlər. Blinkenin zəngi danışıqların Amerika platformasında davam etməsi üçün yetərli deyil. Ən azından Vaşinqton Azərbaycana münasibətdə səhv siyasətindən geri çəkilməlidir. Ölkəmizə hərbi yardımın dayandırılması barədə qətnamənin fəaliyyəti dayandırılmalıdır. Ondan sonra məsələ barədə fikir mübadiləsi aparmaq olar”. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müzakirə edilib. Blinken ondan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyanla da danışıqlar aparıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->