Təhlükəsizlik Şurası təşkilatın yeni baş katibinin seçiminə başlayıb
BMT Təhlükəsizlik Şurası təşkilatın yeni baş katibinin seçilməsi ilə bağlı səsvermə mərhələlərinə başlayıb.
Qaynarinfo xəbər verir ki, ilk tur iyulun 30-da keçirilib. Hazırkı baş katib Antonio Quterreşin varisini yeddi namizəd arasından seçmək lazımdır. Namizədlər arasında MAQATE-nin baş direktoru Rafael Qrossi də var.
BMT-nin növbəti baş katibini asan olmayan vəzifə gözləyir - o, təşkilata olan etimadı bərpa etməli və onu dərin siyasi və maliyyə böhranından çıxarmalı olacaq.
Növbəti baş katibin seçilməsi prosesində əsas mərhələ başlayıb. BMT Təhlükəsizlik Şurasının 15 üzvü – 5 daimi üzv (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) və ikiillik müddətə seçilən 10 qeyri-daimi üzv (Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali) ilk qapalı gizli səsverməni keçirib.
Təhlükəsizlik Şurasının üzvləri hər bir namizədə ayrıca səs verir. Onlar bülletendə "tövsiyə edirəm", "tövsiyə etmirəm" və ya "rəyim yoxdur" bölmələrindən birini qeyd edirlər. Bir turda bir neçə namizəd tövsiyə oluna bilər.
İlk mərhələlərdə bütün üzvlər üçün bülletenlər eyni olur. Lakin namizədlərin sayı azaldıqdan sonra beş daimi üzvün bülletenləri digər on üzvün bülletenlərindən rənginə görə fərqlənəcək. Bu, gələcək mərhələlərdə hansısa namizədə qarşı veto hüququndan istifadə riskinin olub-olmadığını göstərməyə imkan verəcək. Səsvermənin nə vaxt başa çatacağı məlum deyil.
Namizədin təsdiqlənməsi üçün ən azı 9 səs tələb olunur. Bundan sonra Təhlükəsizlik Şurası namizədliyi Baş Assambleyaya təqdim edir, Baş Assambleya isə onu rəsmi səsvermə olmadan, alqışlarla açıq dəstəkləmə yolu ilə təsdiqləyir.
Təhlükəsizlik Şurasının "menyusunda" 7 namizəd var: Argentinanın irəli sürdüyü Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan, Ekvadorun keçmiş xarici işlər naziri Mariya Fernanda Espinoza (Antiqua və Barbudanın namizədi), Qayananın keçmiş xarici işlər naziri Kerolin Rodrigez-Birkett, Seneqalın keçmiş prezidenti Maki Sall və son anda namizədliyi irəli sürülən Uqandanın keçmiş xarici işlər naziri Olara Otunn.
Hazırkı baş katib Antonio Quterreş ikinci beşillik müddətini bu ilin sonunda başa vuracaq və Portuqaliyadan olduğu üçün qeyri-rəsmi regional rotasiya ənənəsinə əsasən onun varisi Qərb yarımkürəsindən olan nümayəndə olmalıdır. Sonuncu dəfə bu vəzifəni 1982-1991-ci illərdə perulu Xavyer Peres de Kuelyar tutub.
Gender amili də mühüm rol oynayır. BMT-ni indiyədək heç vaxt qadın rəhbərlik etməyib. Buna görə də dörd qadın namizəddən birinin təşkilatın ən yüksək postuna seçilməsi ehtimalı yüksək qiymətləndirilir.
BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspan haqqında Rusiya tərəfi də müsbət fikirlər səsləndirib. Qrinspan 2022-ci ildə "taxıl sazişi"nin hazırlanmasında iştirak edib. Rusiya Xarici İşlər Nazirliyi onun "arqumentləri dinləməyi bacaran düşüncəli siyasətçi" təsiri yaratdığını və Moskvanın onun BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında konstruktiv dialoqu bərpa etmək istəyini bölüşdüyünü bildirib.
Kreml Rafael Qrossini də "çox yaxşı tərəfdən" tanıdığını qeyd edib. Rusiya-Ukrayna münaqişəsi şəraitində MAQATE-yə rəhbərlik edən Qrossi bir çox media tərəfindən BMT baş katibi postu uğrunda mübarizənin favoritlərindən biri kimi göstərilir. Bunun əsas səbəblərindən biri onun rəqibləri arasında ən tanınmış simalardan biri olmasıdır. Bununla belə, yekun nəticələr əksəriyyətin gözləntiləri ilə üst-üstə düşməyə bilər.
BMT Nizamnaməsinə əsasən, baş katib eyni zamanda "diplomat və ictimai maraqların müdafiəçisi, dövlət qulluqçusu və baş direktor" funksiyalarını yerinə yetirir.
BMT Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, dünyada artan münaqişələr fonunda təşkilatın baş katibi onu XXI əsrin tələblərinə uyğunlaşdırmalı və eyni zamanda Nizamnamənin əsas prinsiplərini qorumalıdır.
Yeni rəhbərin qarşısında çoxsaylı problemlər dayanır. İlk növbədə maliyyə böhranının həlli tələb olunur. 193 ölkədən yalnız 121-i cari il üçün BMT büdcəsinə ödənişlərini tam həyata keçirib. Buna görə təşkilatın bu dövr üçün büdcəsi 3,45 milyard dollar səviyyəsində təsdiqlənib ki, bu da əvvəlki ildən 7% azdır.
BMT büdcəsinə daxilolmaların əsas hissəsini ABŞ və Çin təmin edir – onların payı 42%-dir. Lakin hər iki ölkə ödənişlərini gecikdirir. ABŞ-ın borcu 4 milyard dolları, Çinin borcu isə 455 milyon dolları ötüb.
Bundan başqa, çoxsaylı digər məsələlər də həllini gözləyir. Məsələn, onilliklərdir müzakirə olunan Təhlükəsizlik Şurasının islahatı hələ də həyata keçirilməyib.
Təhlükəsizlik Şurasının daimi üzvləri arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları kritik anlarda vahid mövqenin formalaşdırılmasına mane olur. Təşkilatın əsas funksiyalarından biri olan sülhməramlı fəaliyyəti isə faktiki olaraq ciddi şəkildə qəbul edilmir.
BMT-nin humanitar fəaliyyəti də mühüm istiqamət olaraq qalır. 2025-ci ildə təşkilatın strukturları böhran vəziyyətində olan 98 milyon insana yardım göstərib. Lakin bu sahədə də əsas problem maliyyədir: cari il 135 milyon insana yardım üçün 33 milyard dollar tələb olunur.
Sülhməramlı əməliyyatlar ayrıca büdcə hesabına maliyyələşdirilir və burada da vəsait çatışmazlığı var. Bu səbəbdən BMT, məsələn, Cənubi Sudan və Konqo Demokratik Respublikasındakı missiyalarının sayını azaltmağa məcbur qalır.
Aydın
Şərhlər