Dünya 19:08 23.11.2022

Britaniya Ali Məhkəməsi Şotlandiyanın müstəqillik referendumunu rədd etdi

Böyük Britaniyanın Ali Məhkəməsi Şotlandiyanın Böyük Britaniya hökumətinin razılığı olmadan müstəqilliyə dair yeni referendum keçirə bilməyəcəyinə qərar verib. Hakimlərin fikrincə, Şotlandiya parlamentinin referendumun keçirilməsi ilə bağlı qanunlar hazırlamaq səlahiyyəti yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə AP və Reuters məhkəmə qərarına istinadən məlumat yayıb.

Bundan əvvəl Şotlandiya hökuməti 2023-cü il oktyabrın 19-da Böyük Britaniyadan müstəqillik elan etmək üçün referendum keçirməyi planlaşdırırdı. "Şotlandiya müstəqil ölkə olmalıdırmı?” sualının səsverməyə çıxarılması planlaşdırılırdı. Müvafiq qanun layihəsi 2022-ci ilin yayında Şotlandiya parlamentinə təqdim edilib.

Böyük Britaniya hökuməti referenduma icazə vermir. Londonda israr edirlər ki, müstəqillik məsələsi 2014-cü ildə referendumda həll olunub. Həmin vaxt Şotlandiya sakinlərinin 55%-i ölkənin müstəqilliyinin əleyhinə səs verib. Oktyabr ayında Ali Məhkəmədə Şotlandiya hökuməti ilə Böyük Britaniya hökuməti arasında məhkəmə çəkişməsi baş tutub.

Şotlandiya rəsmi olaraq Böyük Britaniyanın öz parlamenti ilə muxtar inzibati vahidi hesab olunur, bölgənin də öz hüquq sistemi var. 
Şotlandiya hökuməti bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın bir aylıq hakimiyyətindən sonra regionda müstəqilliyə dəstək artmağa başlayıb.

Nizami Bağırov