Azərbaycanda 10 mart Milli Teatr günüdür. Hələ 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı Qaynarinfo-ya açıqlamasında teatr sənətini böyük bir mədəniyyət hesab etdiyini önə çəkib:
"Əslində, teatrın yaşı insanlığın yaşı qədərdir. Nə zaman ki insan yaranıb, elə o zaman da teatr yaranıb. Qədim Yunanıstan dünyaya daha çox mədəniyyəti ilə tanındı və o mədəniyyətin ən önəmli parçalarından biri də teatrdır. Bu mənada teatr bəzilərinin anladığı kimi oyun-oyun deyil, teatr, əslində, insanı, dünyanı öyrənən bir sənətdir. İnsanın özünü özünə tanıtmağa çalışan bir sənətdir. Bu mənada Azərbaycan teatrı da var, yaşayıb, bu gün də yaşayır. Bu sənətdə canını qurban edənlərimiz olub. Bu sənətdə depresiyaya məruz qalıb, güllələnənlər də olub, amma teatr yaşayıb. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofik Kazımov, Ağasadıq Gəraybəyli, Həsənağa Turabov, Kamal Xudaverdiyev, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Hökümə Qurbanova, Nəcibə Məlikova, Məhluqə Sadıqova və s... saydıqca bitməz. Bu gün də həmin ənənəni davam etdirən aktyor və aktrisalarımız var. Onlar bu teatrı yaşadırlar. Yeni bir gənc nəsil gəlir. İnanıram ki, onlar da Azərbaycan teatrını yaşadacaqlar. Əsas odur ki, istək, sevgi olsun, teatr və tamaşaçı bir-biri üçün darıxsın. Tamaşaçı olmadan teatr da olmur. Bu öz-özünə oyun olmuş olur. Bu mənada 149 yaşı olan Azərbaycan teatırını və o teatrı yaşadanlara təşəkkür edirəm. Hər bir teatr xadimi, dəxli yoxdur, istər texniki işçi olun, istərsə də aktyor, teatr üçün çalışan, bu mədəniyyəti yaşadan hər bir şəxsi təbrik edirim. Düşünürəm ki, hər şey çox gözəl olacaq. İnsan istəyərsə, əslində inanmadığı şeyləri də yerinə yetirə bilər. Teatrın dünəni olub, təməli var, buna görə sabahı da olacaq. Əsas odur ki, bu sənəti sevəsən və ləyaqətlə xidmət edəsən”.
Əməkdar artist İlqar Cahangir Azərbaycan teatr sənətində özəl teatların yaranmasını müsbət hal hesab edir:
"Yaxşı ki, teatr var. Artıq özəl teatrlar da festivallar keçirir. 10 il bundan əvvəl başladığımız bir yol artıq davam edir. 20-yə yaxın özəl teatrın fəaliyyəti var. Gənclər işə həvəslə can yandırır, özləri teatr yaradırlar. İstəyərik ki, bu siyahı daha da genişlənsin, tamaşaçılar teatrlara tamaşalara baxmağa gəlsinlər. Pandemiya işimizi geri saldı, tamaşaçıları teatrdan uzaq qoydu. Şükür ki, bunu da keçdik. Artıq bizə də yavaş-yavaş dəstəklər var, kömək edirlər. Tamaşalarımızı oynamağa yer tapmırdıq. Nazirliyiə müraciətlər etdik. Nazirlik də bizə yerlər təşkil etdi və biz tamaşalarımızı oynadıq. Məqsədin, istəyin üçün həmişə mübarizə aparmaq lazımdır. Sonda nəyəsə nail olursan. Əsas odur ki, teatrımız var. İnsanlar artıq teatrlara gəlir. 10 il bundan əvvəl kassalardan bilet alan yox idisə, bu gün açıq kassalarımız, bilet satışı ilə bağlı müəyyən şəbəkələr var. Sevindirici haldır. Düzdür, bu gün də müəyyən çatışmazlıqlar var, problemsiz olmaz, bunlar da zamanla yoluna qoyulacaq. Artıq teatrlar beynəlxalq festivallarda iştirak edir. Həmkarlarımı təbrik edirəm, Azərbaycanda bu gün özəl gündür. 150 il bundan əvvəl başlanan teatr məktəbi hələ də davam edir”.
Azərbaycan Gənc Tamaçaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev də 149 il yol gələn Milli teatr gününü təbrik edib:
"Mənim üçün ən yadda qalan Milli Teatr günü 1991-ci il Şuşa şəhərində olub. Həmin il Şuşa Dövlət Musiqili Dram Teatrına Dövlət Teatrı statusu verildı. Və Mədəniyyət Nazirliyi Yadigar Müradovu Teatrın rəsmi müdiri elan etdi. Bu tədbirdə İncəsənət İnstitutunun müəllimləri, görkəmli rejissor Nəsir Sadıqzadə, siyasi icmalçı Mübariz Qurbanlı, bədii qiraətçi Azad Şükürov, TXİ-nin sədir müavini Bala Qasımov, Azdramadan aktyorlar, Nürəddin Mehdixanlı, Əli Nur və AzTV-nin çəkiliş qrupu, ümumilikdə 25-30 nəfər nümayəndə istirak edirdi. O, vaxtdan düz 31-il ötür. Amma xoş xatirələr və lentə alınmış tarixi görüntülər hələ də qalır”.
Bahar Rüstəmli
Şərhlər