Qaynarinfo yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə müsahibəni təqim edir.
- Nəriman müəllim, necəsiniz? Niyə görünmürsünüz?
- Həmişə olduğu kimi, iş ovqatındayam. Ömür möhlətinin, vaxtın, qayğıları imkan verdiyi qədər işləyir, yarımçıq yazılarımı, layihələrimi tamamlayıram. Mən heç vaxt fiziki cəhətdən görünməyə meyilli olmamışam, bu səbəbdən, çayxanalarda, məclislərdə, kitab təqdimatlarında nadir hallarda gözə dəyirəm. İzdihamın içində darıxır, özümü naqolay hiss eləyir, adamlarla ünsiyyətə girməyə çətinlik çəkirəm. Təbiətimə görə, Herman Hessenin Yalquzağını, elə özümün "Yalqız” romanımın qəhrəmanını xatırladıram. Obrazlı desək, mən dialoq yox, monoloq adamıyam. Bəlkə də elə ona görə, qələmə aldığım bədii əsərlərin əksəriyyəti monoloqdu. Yaşımın o məqamı da deyil ki, günlərimi xəzəl kimi sovurum. Bundan sonra ömür möhlətim bəlkə də saatlarla ölçülür, ona görə də Allahın lütfündən istifadə eləyib bəzi arzularımı gerçəkləşdirməyə çalışıram. Ümumiyyətlə isə özümü həyata və ədəbiyyata yenilmiş adam sayıram.
- Deyəsən, elə bu təbiətiniz çalışdığınız hərbi sistemdən də uzaqlaşmağınıza səbəb olub.
- Hə, boynuma alıram, təbiətimə görə, sistem adamı deyiləm, çərçivə içində, qadağalarla yaşamaq məndən ötrü əzabdı. Hərbi sistemə də Birinci Qarabağ müharibəsi dövründə, torpaqlarımızın müdafiəsinə gücüm çatan qədər töhfə vermək ümidiylə getmişdim. Yenicə yaranan Müdafiə Nazirliyində hərbi tele-kinostudiyanın təşkilində baş redaktor kimi iştirak elədim. Dostum, kinooperator-rejissor, respublikanın Əməkdar incəsənət xadimi Nizami Abbasla dəfələrlə döyüş səngərlərində olduq, sinələrini düşmənə sipər eləyən oğulların şücaətini lentə aldıq, neçə kərə ölümlə üz-üzə gəldik. Sonralar hərbçi olmayanların peşəkar hərbçilərlə əvəz olunması bəhanəsini ortaya atdılar, mən də bir çoxları kimi, adam tapmağı, xidmətlərimi gözə soxmağı özümə sığışdıra bilmədim, hərbi sistemdən uzaqlaşmalı oldum. Birinci Qarabağ müharibəsi veteranıyam, bunu da heç vaxt reklam eləməmişəm.
- Siz tərəfin adamları yaxşı yazan, şeir qoşan olurlar. Maraqlıdır, ilkin mühit sizi yazmağa nə dərəcədə həvəsləndirib?
- Qələm dostum, ustad yazıçı Əlabbasın mənim haqqımda yazdığı ilk yazı "Şairlər yurdunun nasiri” adlanır. Haqlısan, Borçalı, o sıradan da Qaraçöp adamları poetik söz üstündə kökləniblər, sazı-sözü çox sevirlər, elə bu səbəbdən də kifayət qədər gözəl şairlər yetişib. Amma o tərəflərdən nasir nadir hallarda çıxır. Mən də qismətdən şairliyə meyil eləmədim. Bəlkə, bunda 60-cı illərdə dayımın abunə olduğu "Azərbaycan” jurnalının, bir də mərhum dostum Həmzəli İlyasın rolu olub. O jurnaldan oxuduğum nəsr əsərləri, onda minatür hekayələr, mənsur şeirlər yazan Həmzəli müəllimlə söhbətlərimiz seçimimə təsir göstərib. Bir də istedadlı yazıçımız, bənzərsiz hekayələr ustası Eyvaz Əlləzoğluyla dostluğumuz ədəbi taleyimdə, şübhəsiz, rol oynayıb. Bununla belə, çap olunmağa tələsməmişəm. Təsəvvür elə ki, 40 yaşınacan cəmi 5-6 hekayəm işıq üzü görmüşdü, onların da bəzilərindən indi məmnuniyyətlə imtina eləməyə hazıram. Sonra təxminən 20 illik qələm təcrübələrimin, necə deyərlər, başını bağlayb sandığa qoydum, tamam başqa cür, başqa havayla yazmağa başladım. İlk kitabım çap olunanda 46 yaşım vardı. Amma artıq bilirdim ki, daha geriyə yol yoxdu...
- Ciddi-ciddi romanların, xeyli tərcümələrin, araşdırma kitablarının müəllifisiniz. Çox məhsuldar insansınız. Bu cür məhsuldarlığa necə nail olursunuz?
- Rəhmətlik Tofiq Abdin kimi, mənim də bu "məhsuldarlıq” ifadəsindən zəndeyi-zəhləm gedir. Tofiq abi deyirdi, qardaşım, pambıqçı deyiləm ki, məhsuldar olam, yazmaq mənim peşəmdi, ona görə də abırla oturub öz işimi görürəm. Nasirin, tərcüməçinin, tədqiqatçının da Allahdan gələn istedadla yanaşı, daxili intizamı ki olmadı, sanballı bir iş görə bilməz. Orta hesabla götürəndə, yazdıqlarım gündə heç beş səhifə də eləmir. Sadəcə planlı işləməyə çalışıram, hansı işi nə vaxt görməli olduğumu da, elə bil, ilahi bir qüvvə diktə eləyir. Mənim vəzifəm daxili səsimə qulaq asmaq, göstərişlərini yerinə yetirməkdi, vəssalam.
- Nəriman müəllim, özünüz də bilirsiniz yəqin, tərcümələrinizlə bağlı bəzi tənqidi fikirlərin şahidi oluruq. Necə qarşılayırsınız bu tənqidləri?
- Bu sualı mənə ikinci dəfə verirsiniz, səbirlə də təkrar eləyirəm: insanların zövqü də, duyumu da, söz yükü də müxtəlifdi, hamı hər şeyi bəyənə, hamı hər kəsə xeyirxah münasibət bəsləyə bilməz. İkincisi də, tərcümə dünyanın ən naşükür peşəsidi, zəhməti, başağrısı həmişə zövqündən çox olur. Ümumiyyətlə, dünyada "mükəmməl tərcümə” məfhumu mövcud deyil. İstənilən mətni götürüb bəs deyincə irad tutmaq olar. Bir də ki, yenə təkrar eləyirəm, bizdə tərcüməçidən çox peşəkar, vicdanlı, həm də zəhməti insafla ödənən redaktor problemi var. İrad tutanlar qılınclarını itiləyib müəllifin, tərcüməçinin üstünə düşürlər, redaktorları günahlandıran isə olmur. Filan şey səhvdisə, redaktor hara baxır axı? Onun vəzifəsi müəlliflə, tərcüməçiylə birgə işləmək, səhvləri aradan qaldırmaq deyilmi? Hər şeyə müəllif, tərcüməçi cavabdehdisə, onda kitablarda redaktorun adı niyə yazılır? Əslində, böyük yazıçıların əksəriyyətini redaktorlar, naşirlər yaradıblar. Bizdə isə bu vəziyyətdən çox vaxt kimisə "vurmaq”, alçaltmaq, acıq çıxmaq məqsədiylə istifadə eləyirlər ki, bu da ya nadanlıq, ya da mənəviyyatsızlıq əlamətidi.
- Nəriman müəllim, əsərlərinizin dilinin ağırlığı barədə də fikirlər var. Hətta ədəbi mühitdə elə adamlar olub ki, romanınızı oxumaq istəyib, amma oxuya bilməyib. Dilin ağırlığı iradları ilə razısınızmı?
- Bu sualı da ikinci dəfə verirsiniz. Kim yüngül, oynaq mətnlərlə əsl ədəbiyyat yaratmağın mümkünlüyünü iddia eləyirsə, onun ədəbi zövqünə ciddi şübhəm var. Hələ ki, Nobel mükafatı almış əsərləri ədəbi etalon kimi qəbul eləsək, o mükafatı almış yazıçıların dili "yüngül” neçə əsərini tapa bilərsən? Yüngül mətnlər kütlə üçün yazılır, belə qələm sahiblərimiz də, Allaha şükür, istənilən qədərdi, buyursunlar, Əlibala Hacızadəni, Çingiz Abdullayevi, Varisi, Elxan Elatlını... oxuyub zövq alsınlar – bu, onların seçimidi. Müasirlərimizdən, tutaq ki, Çingiz Hüseynovun, Kamal Abdullanın, Afaq Məsudun, Eyvaz Əlləzoğlunun, Saday Budaqlının, Əlabbasın, Aslan Quliyevin, Mahir Qarayevin (hələ çap olunmamış romanını nəzərdə tututam), Etimad Başkeçidin, Fəxri Uğurlunun, Mübariz Örənin... hansının dili "yüngüldü”? Dilin qatlarına enməyə cəhd eləyən, sözün çalarlarını duyan, öz içinin havasını yaratmağa can atın yazıçı, rəhmətlik Vidadi Məmmədov demişkən, "dedim-dedi” üslubunda yazmağı özünə rəva görməz. Mən heç vaxt oxucuya, necə deyərlər, "asan loğma” verməyə cəhd göstərməmişəm. Amma məsələn, "Könül elçisi” və "Qurban” romanlarının dili o qədər də ağır deyil. "Dönəlgə”, "Yalqız”, "Yolsuz”, "Yolçu”, "Taclı” romanlarında isə daha çox özüməm, öz içimin havasıyla yazmışam, "ağırlığndan” da zərrə qədər də narahatlığım yoxdu, mətnlərimin yaşarılığına əminəm.
- İşıq üzü görən kitablarınızla yanaşı, işıq üzü görməyi hələ ki mümkün olmayan kitablarınız var. Nə mane olur o kitabları çap etməyə.
- Bizdə ədəbiyyatın hələ də kustar üsulla mövcud olması. Bütün dünyada ədəbiyyat artıq çoxdan nəşriyyatların, naşirlərin, ədəbi agentlərin kurasiyasındadı. Yəni onlar "öz yazıçılarını” seçir, müqavilə bağlayır, onun kitablarının nəşri, təbliği, satışıyla, mükafatlara təqdim edilməsiylə məşğul olur, təbii ki, maddi gəlir gözlədiklərinə görə, təbii ki, müəllifin şöhrətlənməsində, daha yaxşı əsərlər yazmasında, kitablarının daha çox çatılmasında maraqlı olurlar. Zavallı Azərbaycan yazıçısı isə (əlbəttə, beş-üç qələm sahibini çıxmaqla) belə bir şəraitin olmaması, həm də maddi imkansızlıq ucbatından nəinki birtəhər imkan tapıb çap etdirdiyi əsərlərinin redaktəsi, korrekturasıyla, hətta satışıyla belə məşğul olur. Yazıçıların kitablarını öz hesablarına çap eləyən nəşriyyatlar isə bu işi tam peşəkarcasına görmək imkanına malik deyillər. Axı müəlliflə müqavilə bağlamaq, qonorar ödəmək, alıcı tapmaq lazım gəlir, bu da ki asan məsələ deyil. Mən də belə bir məmləkətdə yaşadığıma görə, vəziyyətlə barışmaqdan başqa çıxış yolum yoxdu. İki romanım, iki tərcümə layihəm, səkkiz tərcümə kitabım var, nə vaxt işıq üzü görəcəyini bilmirəm, bu, qismətdən və təsadüfdən asılıdı. Bununla təskinlik tapıram ki, öləndə sandığım boş qalmayacaq, dibindən çap olunmamış yazılarım tapılacaq.
- Film çəkilən və çəkilməyən senariləriniz də az deyil.
- Bir vaxt demişdim ki, kino mənim nakam sevgimdi. Taleyim elə gətirdi ki, arzuladığm peşəkar kinematoqafçı təhsili ala bilmədim. Amma görünür, o yanğı qəlbimdə yaşayırmış, sonralar kinoda işlədim, iki bədii, otuzadək sənədli kino və televiziya filminin senarisini yazdım. Ekranlaşdırılmamış bir neçə senarim də var, amma kinomuzdakı mövcud vəziyyətlə barışıb heç yerə təqdim eləmədim. Bu sahədə gerçəkləşdirə bilmədiyim enerjimi də kino araşdırmalarına sərf eləməli oldum. 2020-ci ildə unudulmaz sənətkarımız Rüstəm İbrahimbəyovun sayəsində dördcildlik "Azərbaycan kino sənəti tarixi” monoqrafiyam çap olundu. Ekran sənətiylə bağlı bir neçə kitabım da çapını gözləyir. Azərbaycan Kinematoqraçılar İttifaqı ilə müəyyən layihələrimiz var. Qalanı qismətin işidi...
- Bilirəm ki, beynəlxalq təcrübə ilə tanışsınız. Əsərləriniz də başqa dillərə tərcümə olunub. Sizcə, yazıçılarımızın xaricdə yetərincə tanınmasına nə mane olur?
- İstəyin və təəssüb hissinin olmaması. Dünyanın əksər ölkələrində milli ədəbiyyatın dünyada tanıdılmasıyla bağlı dövlət proqramları var. Elə əksər məsələlərdə örnək kimi qəbul elədiyimiz Türkiyədə də belə bir qurum mövcuddu. Vaxtilə bu məsələ qaldırılmış, Mədəniyyət Nazirliyi həmin quruma nümayəndələr göndərib təcrübəsini də öyrənmişdi. Amma ortaya yarı-yarımçıq, şikəst iş çıxdı. Azərbaycan yazıçılarını ancaq... Türkiyədə tanıtmaq fikrinə düşdülər, o siyahıya salınanların əksəriyyəti də ya maddi və vəzifə imkanlarına görə yardıma ehtiyac duymayanlar, ya da şəxsi münasibətlərə, kimlərinsə xahişinə görə seçlən adamlar salındılar. Nəticədə, Türkiyədə çap olunan o kitablar Azərbaycan ədəbiyyatı haqqında formalaşmış fikri daha da pisləşdirdi. Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaranandan sonra bu yönümdə xeyli iş görüb, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belorus, Bolqarıstan, Misir, Çexiya, Almaniya, Fransa, İngiltərədə... Azərbaycan yazıçılarılarının əsərlərindən ibarət antologiyalar işıq qüzü görüb, proses indi də davam etdirilir. Amma bu, uzunmüddətli prosesdi, tezliklə sanballı nəticə əldə eləməyə ümid bəsləmək olmaz...
- Hazırda hansısa bir əsər, roman üzərində işləyirsinizmi?
- Həmişə olduğu kimi, uzun illər hazırlaşdığım, amma qısa müddətə yazdığım "Şəms” romanım çapa hazırdı, nə vaxt işıq üzü görəcəyini bilmirəm – bu da imkandan, təsadüfdən, yaxud qismətdən asılıdı. Mövlana Şəms Təbrizi haqqında hər Türkiyə səfərimdə, ən azı, beş-altı kitab alırdım. "Taclı” romanını bitirəndən sonra beş il ərzində bu mövzuyla məşğul oldum, ümumi hesabda otuza yaxın bədii əsər, monoqrafiya oxudum. Yadınızdadısa, "Şəmsi kim öldürdü?” motivi Orxan Pamukun "Qara kitab” romanında da var. Elif Şafakın "Eşq”, Ahmet Ümitin "Sirr qapısı” romanları da bu motiv üzərində qurulub. Amma Molla Cəlaləddini Mövlana Rumi mərtəbəsinə çatdırmazdan əvvəl Şəmsəddin Təbrizi özü o mərtəbəyə necə ucalmışdı – buna ötəri faktlardan başqa heç bir bədii əsərdə, heç bir monoqrafiyada rast gəlmədim. Ona görə də Şəmsin kamilliyə gedən yolunu yazmaq qərarına gəldim. Asan olmadı, amma mənə elə gəlir, istədiyimi gerçəkləşdirə bildim. Hər halda, iki dəfə oxucu gözüylə oxumuşam - özümü qane eləyir. Bir də çoxdan üzərində işlədiyim "Anamın sözlüyü” roman-sözlüyü bitirirəm. Forma və üslubuna görə, tamamilə fərqli yazıdı, adı Milorad Paviçin "Xəzər sözlüyü” romanını xatırlatsa da, o əsərdən heç bir təsirlənmə yoxdu. Danışıq dilimizdə hələ də yaşayan, unudulmaqda olan, amma ruhumuzun çalarlarını daha dəqiq və tutumlu ifadə eləyən sözləri, anamın diliylə, necə deyərlər, "diriltməyə” cəhd eləmişəm. Bəlkə də bu kitab geniş oxucu kütləsi üçün müəyyən dərəcədə anlaşılmaz sayılacaq, amma həyatımın ən dəyərli işlərindən biri kimi mənə əzizdi.
- Kimləri oxuyur, sevir, qiymətləndirirsiniz?
- Təbii ki, oxumağı da yazmaq kimi öz peşəm sayıram. Bu, həm də birbaşa işimlə bağlıdı – Azərbaycan Dövlət Tərcümə Mərkəzində dünya klassiklərinin əsərlərini çapa hazırlamaqla, ehtiyac yarananda müəyyən əsərlərini dilimizə çevirməklə məşğulam. Son vaxtlar Alber Kamünün, Cerom Devid Selincerin, Herman Hessenin, Kenzi Maruyamanın... bir çox əsərlərini oxumalı, çevirməli olmuşam. İşimdən kənar görkəmli qazax yazıçısı Rollan Seysenbayevin əsərlərini tərcümə elədim, Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə çap olundu. Orxan Pamukun son "Vəba gecələri” romanını oxudum, vaxt tapdıqca çevirirəm. Bir layihəmlə əlaqədar türk xalqları nasirlərinin əsərlərini oxuyur, seçirəm. Azərbaycan ədəbiyyatından Kamal Abdullanın ""Laokoon…Laokoon… yaxud bir romanın "gerçək” yazılma tarixçəsi”, Mahir Qarayevin hələ çap olunmamış "Korifey” (adı hələ şərtidi) romanlarını, Bədirxan Əhmədlinin araşdırmalarını, Etimad Başkeçidin publisistik yazılarını, Fəxri Uğurlunun esselərini, Nurafizin şeirlərini, bəyəndiyim bir çox nasirlərin və şairlərin əsərlərini oxumuşam. Yəni, oxumaq da məndən ötrü yazmaq kimi mənəvi ehtiyac, həyat tərzidi.
Ağa Cəfərli
Şərhlər