Alimlər izah ediblər ki, ölümə yaxın olan insanlar bu cür emosiyaları beynin fəaliyyəti zəiflədikdə yaranan bioloji proseslər nəticəsində hiss edirlər.
Qaynarinfo xəbər vru barədə "Daily Mail” yazır.
Tədqiqat çərçivəsində kliniki ölüm keçirmiş 48 nəfər sorğu-sual olunub. Onlardan bəziləri "səmavi varlıqları” gördüklərini, biri isə "qara dəliyə bənzər dəhşətli səyahət” yaşadığını söyləyib.
Digərləri isə dini simalarla rastlaşdıqlarını və dərin mənəvi hisslər keçirdiklərini bildiriblər. Məsələn, bir iştirakçı deyib: "Sol tərəfimdə daş pilləkənlər vardı, yuxarıda isə ağ mantiyada İsa dayanmışdı”.
Başqa bir nəfər isə bildirib: "Tanrı uzaqda böyük bir işıq şəklində göründü”.
Bəzi insanların ölüm sonrası gördükləri mənzərələr isə daha fantastik və Bibliyada rast gəlinməyən elementlərdən ibarət olub. Alimlər bu hadisəni NDE (Near Death Experience – ölümə yaxın təcrübə) adlandırır. Bu, ürəyin dayanması və ya tənəffüs çatışmazlığı kimi həyati təhlükəli vəziyyətlərdə baş verən intensiv, bəzən insanın həyatını dəyişdirən hisslərdir.
Təxminlərə görə, yer üzündə yaşayan insanların 4–8 faizi NDE keçirib.
Tədqiqat nəticəsində məlum olub ki, heç kim ölümə yaxın anlarda eyni təcrübəni yaşamayıb. Hətta Tanrını, İsanı və ya mələkləri gördüyünü iddia edənlər belə, bu təcrübəni fərqli şəkildə təsvir ediblər.
Bir iştirakçı deyib: "Mən işığa çevrildim və sağ tərəfimdə saqqallı, mantiyalı İsanı gördüm, o mənə çıxış yolunu göstərdi”.
Başqa biri isə bildirib: "Tanrının gücü sağ tərəfimdə parladı. Başımı qaldırmaq istədim, amma ya bacarmadım, ya da bunu etməməli olduğumu hiss etdim”.
Bir nəfər isə mələklə qarşılaşmasını çox detallı şəkildə təsvir edib. Onun sözlərinə görə, mələyin ağ qanadları incəliklə bir-birinin üzərinə düşmüş lələklərdən ibarət olub, üz cizgiləri yunan tanrılarını xatırladıb – simmetrik və hamar saçlı olub.
Araşdırmanın baş müəllifi doktor Frans Lerner qeyd edib ki, insanın mədəni mənşəyi NDE zamanı yaranan hallüsinasiyaların əsasını formalaşdırır.
Eyni zamanda bir çox insan belə vəziyyətdə heç bir dini fiqur görmədiyini söyləyib. Bir nəfər deyib: "Ətrafımı tamamilə qara, lakin göy qurşağı rənglərində parıldayan orqanik bir tunel bürümüşdü”.
Başqa biri isə bildirib: "Mən işıqdan ibarət nəhəng bir köpüyün içində idim, onun sərhədlərini görə bilmirdim. Elə bil mən o işığın bir hissəsi idim – bu, gördüyüm ən gözəl işıq idi”.
Bəzi iştirakçılar isə çoxdan vəfat etmiş yaxınlarını gördüklərini söyləyiblər.
"Xalam Elizabeti və Linini gəncliklərində gördüm, halbuki onları yalnız 60–70 yaşlarında tanımışdım”, deyə biri bildirib.
Başqa bir şəxs isə qara dəlik gördüyünü xatırladıb: "Qara dəlik uzaqdan tamamilə qara görünürdü. İşıq o qədər parlaq idi ki, rəngləri ayırd etmək çətin idi, amma onlar orada idi”.
Alimlər qeyd edirlər ki, bütün NDE hallarının səbəbi beynin görmə və digər hiss orqanlarından gələn siqnallar arasındakı uyğunluğun pozulmasıdır.
Doktor Lerner əlavə edib ki, NDE fenomeni beynin sönmə mərhələsində görmə sahəsinin dəyişməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, bu, ruhun mövcudluğunu və ya şüurun bədəni tərk etməsini təsdiqləmir.
Aydın
Şərhlər