Bəzi müasir döyüş təyyarələrində burun hissəsinə yaxın kiçik ön qanadlar görmək olar. Bu detal ilk baxışda sadəcə dizayn elementi kimi görünür, lakin onun əsl funksiyası çox daha vacibdir.
Qaynarinfo xəbər verir ki, bu aerodinamik səthlər kanardlar adlanır və onlar təyyarənin manevr imkanlarını və sabitliyini köklü şəkildə dəyişir.
"Wion" nəşrinin yazdığına görə, "Rafale", "Eurofighter Typhoon" və "Saab Gripen" kimi təyyarələr kanardlardan istifadə edərək yüksək manevr qabiliyyətinə malik olur və hava döyüşlərində üstünlük qazanır.
Kanard nədir və necə işləyir?
Kanard — təyyarənin əsas qanadından əvvəl, burun hissəsində yerləşən kiçik daşıyıcı səthdir. Onlar ilk dəfə 1903-cü ildə "Wright Flyer" təyyarəsində tətbiq edilmiş, daha sonra 1967-ci ildə "Saab 37 Viggen" ilə hərbi aviasiyaya qayıdıb
Bu ön qanadlar təyyarənin ön hissəsində əlavə qaldırıcı qüvvə yaradır, yəni yük paylanmasını qanadlar arasında bölür və yüksək sürətlərdə uçuş səmərəliliyini artırır.
"Pilot Institute" hesabatına əsasən (2025), kanardların quraşdırılması ümumi qaldırıcı qüvvəni 15–20% artırır və zolaqdan qalxış məsafəsini azaldır. Məsələn, "Saab Gripen" kanardlar sayəsində daha qısa məsafədən havaya qalxa bilir.
Kanardların üstünlükləri
Kəskin dönüşlər zamanı hava axınının əsas qanaddan qopması — yəni qaldırıcı qüvvənin itməsi — təhlükəli hal sayılır. "Rafale" və "Typhoon" kimi təyyarələrdə kanardlar elə qurulub ki, onlar burulğanlar yaradaraq hava axınını qanadın üstündə "dirçəldir” və 35°-yə qədər hücum bucağında belə sabit uçuş təmin edir.
Bu, təyyarənin yüksək g-manevrləri zamanı idarəolunmasını artırır. Kanardlar adətən elə tərtib olunur ki, axın ilk olaraq onlardan qopsun; bu zaman təyyarənin burnu bir qədər aşağı enir və əsas qanadın üzərindəki axın bərpa olunur. Beləliklə, təyyarə öz-özünə sabitləşir.
Eyni zamanda, kanardlar təyyarənin reaksiya vaxtını 30%-ə qədər azalda bilər, çünki onlar istiqamət dəyişməsinə ani cavab verir. Məsələn, "Su-30MKI" və "Eurofighter Typhoon" məhz bu sayədə klassik sxemli təyyarələrdən daha çevikdir.
Texniki çətinliklər və məhdudiyyətlər
Bununla belə, kanardlar mühəndislər üçün kompromis tələb edir. Səhv hesablanmış bucaqlar və ölçülər hava axınını pozaraq müqaviməti artıra bilər. Həmçinin, kanardlar radar siqnallarını daha çox əks etdirdiyindən, "F-35" kimi gizlilik texnologiyalı təyyarələrdə onlardan imtina edilir və düz profilli arxa stabilizatorlara üstünlük verilir.
Beləliklə, kanardlar yalnız estetik element deyil, döyüş təyyarələrinin sabitliyi, çevikliyi və performansı üçün mühüm aerodinamik alətdir.
Aydın
Şərhlər