Xəbər lenti

Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəklədi
Dünya 12:55 14.12.2024

Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəklədi

Cənubi Koreya parlamenti ölkə prezidenti Yun Sok Yolun impiçmentini dəstəkləyib. 

Qaynarinfo xəbər verir ki, bu haqda qərar 14 dekabrda parlament prezidentin impiçmenti məsələsini müzakirə edərkən verilib.

"Prezidentin vəzifədən uzaqlaşdırılmasına 204 deputat səs verib, 85 nəfər isə əleyhinə olub”, – deyə agentlik bildirib.

Yun Sok Yol bir gün əvvəl impiçment prosedurundan keçməyə və hərbi vəziyyətin tətbiqi ilə bağlı araşdırmada iştirak etməyə hazır olduğunu ifadə edib. O, ''mübarizə aparmağa'' hazır olduğunu da bəyan edib. Yun vurğulayıb ki, onun tərəfindən tətbiq edilmiş hərbi vəziyyət üsyan hesab edilə bilməz, çünki o, ''ölkəni qorumağa çalışaraq səlahiyyətləri çərçivəsində'' hərəkət edib.

3 dekabrda prezident Cənubi Koreyada hərbi vəziyyət elan edib. O, bu qərarını ''Şimala meyilli qüvvələri məhv etmək və azad konstitusion quruluşu qorumaq zərurəti'' ilə izah edib.

Bundan sonra Seulda etiraz aksiyaları başlayıb, vətəndaş fəallar paytaxta daxil edilən hərbi qüvvələrlə qarşıdurmaya girib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv edilib.

7 dekabrda parlamentdə prezidentin impiçmenti ilə bağlı ilk səsvermə keçirilib. Lakin 300 deputatdan 200-nün dəstəyi tələb olunsa da, cəmi 195 nəfər iştirak etdiyinə görə impiçment baş tutmayıb.

Xatırladaq ki, Cənubi Koreya prezidentinə ölkədən çıxış qadağası qoyulub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->