Siyasət 17:05 03.02.2023

Dağlıq Qarabağın bir ovuc ermənisi naminə Ermənistanı riskə atmağa dəyərmi?

Dağlıq Qarabağda "cəmi" 120 minə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Dağlıq Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik. 

Qaynarinfo xəbər verir ki, bunu fevralın 3-də Ermənistan parlamentində müxalifətin təşəbbüsü ilə çağırılan Laçın dəhlizinin Azərbaycan tərəfindən "bağlanması” ilə bağlı parlament dinləmələri zamanı hakim "Vətəndaş sazişi” partiyasından olan deputat Qurgen Arsenyan hazırkı hökumətə qarşı səslənən qınaqlara cavab verərkən deyib.

Eyni zamanda deputat dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

"Siz sözlərinizə və əvvəllər səsləndirilən təhdidlərə görə cavab verməyə hazırsınızmı? Sadəcə oturub barmağınızı yelləyirsiniz. Prioritetlərinizi düzgün müəyyənləşdirin. Nəhayət, hər şeyi düzgün təsəvvür etməyə başlayın. Siz ümumiyyətlə kimsiniz, ara?” - deyən deputat parlamentin tribunasından əleyhdarlarını tənqid edib.

Arsenyanın sözlərinə görə, xalq 2021-ci il seçkilərində hazırkı müxalifətə qarşı hökm çıxarıb.

Nikol Paşinyanın həmkarının açıqlamaları mübahisələrə səbəb olub.

Dinləmələrə sədrlik edən Ermənistan müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan iclasda iştirak edənləri susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb. Lakin dəfələrlə onun xahişlərinə məhəl qoyulmayıb.

Lakin bu, Arsenyanı dayandırmayıb.

"Qarabağ məsələsini manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun”, - deyən parlamentar əlavə edib ki, onlar "Vətəndaş sazişi” - Ermənistanın dövlət maraqlarının təmin olunmasını təmin edən məsuliyyətli hakimiyyətdir.

Deputat əmindir ki, "Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın milli maraqlarından irəli gəlir”. Üstəlik, o, iştirak edənləri "ksenofobik ifadələrdən çəkinməyə çağırıb, çünki onlar yalnız zərər verir".

Nizami Bağırov