XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?
Dünya20:51 23.09.2026

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Historia” yazıb.

“Qala UCD Arxeologiya Məktəbində orta əsr memarlığı üzrə mütəxəssis, professor Tadq O'Kiff tərəfindən aşkar edilib. Onun araşdırmaları göstərir ki, qədim Roebuck orta əsr qalasının əhəmiyyətli hissəsi bu günə qədər salamat qalıb”, deyə Dublin Universitet Kollecinin yaydığı açıqlamada bildirilib.

Alimin sözlərinə görə, müasir bina xaricdən tamamilə Viktoriya dövrünə aid tikili təsiri bağışlayır. Lakin onun daxilində qədim qalanın divarları qorunub.

Qalanın qorunmasına təsadüflər kömək edib

Tədqiqatçı vurğulayıb ki, istehkamın bu günə qədər qalması bir sıra xoş təsadüflər sayəsində mümkün olub. XVIII–XIX əsrlərdə, yəni gürcü və Viktoriya dövrlərində mülkü yeniləyən sahiblər orta əsr divarlarını sökmək əvəzinə tikililəri onların ətrafında inşa etməyə qərar veriblər.

“Orta əsr elementləri hələ də oradadır. Onlar suvağın altında gizlənib, lakin tanınmaları mümkündür. Mülkü yeniləyən şəxslərin orta əsr qalasını dağıtmaq əvəzinə tikililəri onun ətrafında inşa etməsi bizim üçün böyük şans olub”, deyə Tadq O'Kiff bildirib.

Daha bir diqqətçəkən məqam isə müasir binanın arxasındakı həyətin orta əsr qalasının məhz həmin həyəti olmasıdır. Araşdırmalar bunu göstərir.

Qala orta əsr Dublinin yollarından birinin üzərində yerləşirdi

Tarixi mənbələrə görə, Roebuckdakı istehkam İrlandiyanın 1169-cu ildə başlayan Norman işğalından bir neçə onillik sonra inşa edilib. Qala orta əsr Dublinin giriş yollarından birinin üzərində yerləşib və orta əsrlər boyunca dəfələrlə yenidən qurulub.

Qalanın keçmişi ilə bağlı qeyri-adi əhvalat da var. Rəvayətə görə, taxtdan salınmış İngiltərə və İrlandiya kralı II Ceyms (həmçinin Şotlandiya kralı VII Ceyms kimi tanınır) 1689-cu ildə taxtını itirdikdən sonra Roebuckda qalıb.

Lakin XVIII əsrdə qala xarabalığa çevrilib. Buna görə də onun qalıqlarının sonradan mülkün yenidən qurulması zamanı söküldüyü düşünülürdü.

Rəssamın akvarelləri mühüm ipucu verib

Araşdırma zamanı mühüm ipucu təxminən 1765-ci ildə xarabalıqları ziyarət edən rəssam Qabriel Beranjenin əsərlərində tapılıb. O, qalanın qalıqlarını bir sıra akvarellərdə təsvir edib.

“Beranje gözlənildiyi kimi, binanın əsas formasını əks etdirib. Lakin xoşbəxtlikdən o, bəzi çox xırda detalları da təsvir edib. Məhz həmin detallar binanın quruluşunun tarixini yenidən yaratmaq üçün bizə lazım olan ipuclarını verir”, deyə O'Kiff bildirib.

Beləliklə, tarixi təsvirlərin bu gün suvağın altında gizlənən tikili elementləri ilə müqayisəsi orta əsr qalanın qalıqlarının müəyyən edilməsinə imkan verib.

“Təəssüf ki, zaman Dublinin cənubunda orta əsrlərdə inşa edilmiş qalalara qarşı mərhəmətli olmayıb. Binaların yoxa çıxması həm də tarixi mənbələrin itirilməsi deməkdir. Bu isə biliklərimizdə boşluqlar yaradır”, deyə tədqiqatçı vurğulayıb.

Roebuck nümunəsində isə tarixin gözləniləndən daha davamlı olduğu ortaya çıxıb.

Aydın