XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
Ölkə20:29 23.09.2026

Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi

Bakıda tanışına su filtrlərinin satışı ilə bağlı birgə biznes qurmağı təklif edən şəxslə bağlı məhkəmə araşdırması aparılıb.

Qaynarinfo-nun məlumatına görə, tərəflər su filtrlərinin satışı ilə məşğul olmaq və əldə olunan gəliri bölüşmək barədə razılığa gəliblər. Daha sonra biznesin genişləndirilməsi və yeni malların alınması üçün tanışından 9 900 manat pul götürülüb.

Pulun verilməsindən sonra tərəflər arasında problem yaranıb. Vəsaiti alan şəxs həmin pulun bir hissəsini mağazaya mal alınmasına, reklam və digər xərclərə sərf etdiyini bildirib. Digər tərəf isə pulun ona qaytarılmasını tələb edib.

Tərəflər sonradan hesablaşma aparıb və verilən məlumata görə, ümumi borcun 26 000 manat olduğu müəyyənləşib. Pulun qaytarılması ilə bağlı aralarında borc müqaviləsi də bağlanıb. Lakin razılaşdırılan müddətdə ödəniş həyata keçirilməyib.

Bundan sonra pulunu ala bilməyən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində qarşı tərəfə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilib.

İşə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, zərərçəkmiş şəxslə tanışlığından, birlikdə mağaza işlətmələrindən və biznes üçün pul götürməsindən danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, uzun müddət su filtrlərinin satışı sahəsində çalışıb və bu sahədə təcrübəsi olub. Zərərçəkmiş şəxslə tanış olduqdan sonra birlikdə mağaza açmaq qərarına gəliblər. 2025-ci ilin fevralında Nəsimi rayonunda mağaza icarəyə götürülüb.

O bildirib ki, mağazanın açılması üçün zərərçəkmiş şəxs ümumilikdə təxminən 9 000 manat xərcləyib. Bir müddət sonra mağazadakı malların satılması səbəbindən yeni məhsulların alınmasına ehtiyac yaranıb. Bu məqsədlə zərərçəkmiş şəxsdən əlavə 10 000 manat tapması istənilib.

Müttəhim bildirib ki, 9 900 manat pul ona tanışı vasitəsilə çatdırılıb. Həmin vəsaitin bir hissəsini su filtrləri və ehtiyat hissələrinin alınmasına, digər hissəsini isə reklam, dekor və mağazanın digər xərclərinə sərf edib.

Məhkəmədə o, “Sea Breeze” İstirahət Mərkəzində su filtrlərinin quraşdırılması ilə bağlı layihədən də danışıb. Bildirib ki, həmin layihə barədə zərərçəkmiş şəxslə söhbətləri olub və layihəyə dair bəzi materialları ona göndərib. Lakin 9 900 manatın bu layihənin həyata keçirilməsi üçün deyil, mağazaya mal alınması və digər xərclər üçün verildiyini deyib.

Daha sonra tərəflər arasında maliyyə hesablaşması aparılıb. Təqsirləndirilən şəxsin ifadəsinə görə, zərərçəkmiş şəxsin biznesə qoyduğu vəsaitin ümumi məbləği 26 000 manat müəyyənləşib. Bunun qaytarılması üçün tərəflər arasında borc müqaviləsi bağlanıb.

Lakin razılaşdırılmış tarixdə 15 000 manatın ödənilməsi mümkün olmayıb. Bundan sonra zərərçəkmiş şəxs polisə müraciət edib.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirib. O, dəymiş ziyanı tam ödədiyini və əlavə olaraq ziyanın 25 faizi miqdarında vəsaiti dövlət büdcəsinə köçürdüyünü deyib.

Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən, zərərçəkmiş şəxslə barışma, dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi nəzərə alınıb.

Nəticədə məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq — xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət məsuliyyətindən azad edib və barəsindəki cinayət təqibinə xitam verib.

Seyid