XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Britaniya peyklərini qorumaq üçün yeni hərbi kosmik eskadrilya yaradır
Dünya18:31 23.09.2026

Britaniya peyklərini qorumaq üçün yeni hərbi kosmik eskadrilya yaradır

Böyük Britaniya peyklərini mümkün düşmən hücumlarından qorumaq üçün Kral Hərbi Hava Qüvvələrinin (RAF) tərkibində yeni hərbi kosmik eskadrilya yaradıb.

Qaynarinfo xəbər verir ki, “No. III Space Effects Squadron” adlandırılan yeni bölmə ölkənin kosmosdakı maraqlarına qarşı yönələn təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərəcək. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, eskadrilya elektron müharibə də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edərək düşmən fəaliyyətini pozmaq, zəiflətmək və qarşısını almaq imkanına malik olacaq.

Yeni bölmənin qoruyacağı peyklər arasında rabitəni təmin edən, gəmilərin naviqasiyasına kömək edən və mümkün raket hücumları barədə xəbərdarlıq edən sistemlər də var. Peyk texnologiyalarından Britaniyada mobil rabitə, hava proqnozları, enerji şəbəkələri və təcili xidmətlər üçün də istifadə olunur.

RAF-ın artıq kosmosdakı təhlükələri izləyən iki xüsusi bölməsi fəaliyyət göstərir. “No. I Space Operations Squadron” kosmos əməliyyatlarını, “No. II Space Warning Squadron” isə mümkün təhlükələrin aşkarlanması və xəbərdar edilməsi funksiyasını yerinə yetirir. Yeni eskadrilya isə bu təhdidlərə qarşı birbaşa fəaliyyət göstərəcək.

Britaniyanın müdafiə naziri Ues Stritinq ölkənin “yeni kosmik yarışda ayaqlaşmalı olduğunu” bildirib. Hərbi Hava Qüvvələrinin başçısı, aviasiya marşalı Ser Harv Smit isə kosmosun artıq hərbi əməliyyatları yalnız dəstəkləyən sahə olmadığını, birbaşa rəqabət məkanına çevrildiyini deyib.

Yeni bölmənin yaradılması kosmosda hərbi imkanların artırıldığı bir dövrə təsadüf edir. Euronews-un məlumatına görə, ABŞ bu ay ilk dəfə Yer orbitində silah yerləşdirdiyini açıqlayıb. Bu açıqlama Çin və Rusiyanın kosmosun silahlanma meydanına çevrilməsi ilə bağlı xəbərdarlıqlarına səbəb olub.

Britaniya rəsmiləri də peyklərin radioelektron müdaxilə və digər təhdidlərə qarşı həssaslığının artdığını bildirirlər. Ötən il Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri general-mayor Pol Tedman Rusiyanın Britaniyanın hərbi peyklərinin fəaliyyətinə mütəmadi olaraq mane olmağa çalışmasından narahatlığını ifadə etmişdi.

Bununla yanaşı, Britaniya hökuməti dağıdıcı peykəleyhinə raket sınaqlarından imtina etdiyini və kosmosun dinc və dayanıqlı istifadəsini dəstəklədiyini açıqlayıb. Ölkənin yeni kosmik strategiyası çərçivəsində 2026–2030-cu illər arasında kosmik kəşfiyyat, müşahidə və kosmosda müdafiə imkanlarına 880 milyon funt sterlinq sərmayə ayrılması nəzərdə tutulur.

Şəbnəm İbrahimxəlilova