“Yeni tədris ili başlayıb. Təəssüflər olsun ki, nəqliyyatda yaranmış böhran vəziyyəti ilə əlaqədar tələbələr vaxtında tədris prosesində iştirak edə bilmirlər. Eyni zamanda, axşamlar dərsdən çıxanda vaxtında evlərinə çata və yaxud növbəti günün dərslərinə hazırlaşa bilmirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.
Ekspert baş verənlərin tələbələr üçün ciddi problem yaratdığını vurğulayıb:
“Burada universitet müəllimləri güzəştə getməlidirlər. Mövcud vəziyyəti nəzərə alaraq tələbələri çox sıxışdırmamalıdırlar. Çalışılmalıdır ki, tələbələrə onlardan asılı olmayan səbəblərə görə hər hansı qısnama və ya şiddət tətbiq olunmasın. Cəzalandırma mexanizmi prosesdə yaradılmış güzəştlərdən və yaxud imkanlardan sui-istifadə edənlərə tətbiq olunsun”.

Ekspert hesab edir ki, problemin həlli üçün müəyyən addımlar atmaq mümkündür:
“Ali təhsil müəssisələri konkret olaraq servis xidməti təklif etməli və müvafiq nəqliyyat agentlikləri ilə əməkdaşlıq çərçivəsində hansısa avtobus xəttinə məhz universitetə məxsus avtobusları daxil etməklə tələbələrin uzaq məsafələrdən daşınmasını təşkil etməlidirlər. Məsələn, tələbə şəhərin müxtəlif yerlərindən gəlir, yaxud 20 Yanvar və 28 May metrostansiyalarına qədər normal qaydada çatır. Ondan sonra hansı sıxıntılarla üzləşirsə, məhz həmin istiqamətlər üzrə müvafiq avtobuslar ayrılmalı və tələbələrin birbaşa universitetlərə daşınması həyata keçirilməlidir. Belə olan təqdirdə mövcud problemin müəyyən qədər aradan qaldırılmasına nail olmaq olar”.
Elçin Əfəndiyev mövcud vəziyyətlə bağlı qısamüddətli dövr üçün hər hansı universal həll mexanizminin tətbiqinin çətin olduğunu da qeyd edib:
“Hazırda müvafiq istiqamətlər üzrə təmir, yenidənqurma və bərpa işləri aparılır. Eyni zamanda, xətlər dəyişdirilir. Bundan irəli gələrək paytaxtda əhalinin sıxlığı və yol infrastrukturunda aparılan bəzi dəyişikliklər sərnişinlərin rahat şəkildə mənzil başına çatmasına maneə yaradır. Bunlar qısa müddətdə həllini tapacaq məsələlər deyil. Bir müddətdən sonra yağışlı günlər başlayacaq. Həmin vaxt biz daha kritik böhranla üz-üzə qala bilərik. İnsanlar küçələrdə qala, avtobus xətləri işləməyə bilər. Bunlar əvvəlcədən planlaşdırılmalı məsələlərdir. Burada əsas məsuliyyət nəqliyyat infrastrukturuna nəzarət edən qurumun üzərinə düşür”.
Bahar Rüstəmli
Şərhlər