Ekonomiks 17:18 21.02.2024

Daha bir keçmiş gömrükçü məhkəməyə üz tutdu - Şahin Bağırovun qərarı ilə razılaşmır

Dövlət Gömrük Komitəsinin (DGK) daha bir keçmiş vəzifəli şəxsi qurumu məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, bu şəxs DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində işləmiş Ədalət Mehdiyevdir. 

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsi əmək münasibətlərinə dair mübahisələrlə bağlıdır. Bəzi iddialara görə, Ədalət Mehdiyev DGK-da başlanan kadr islahatları çərçivəsində işdən çıxarılıb. Həmin vaxt idarənin rəisi Mehman Sadıqov olub. Ədalət Mehdiyev mediada onun yaxın adamı kimi təqdim edilir. 

Yeri gəlmişkən, Mehman Sadıqov da vəzifəsindən azad edilib. 

Bəzi məlumatlara görə isə Ədalət Mehdiyevin DGK-nın keçmiş sədri Səfər Mehdiyevin gömrükdəki komandasının fəal üzvlərindən olub. Şahin Bağırovun onu işdən çıxarması da bununla əlaqələndirilir. 

Ədalət Mehdiyevdən əvvəl Azərbaycanın Türkiyədəki keçmiş gömrük attaşesi Əliqulu Cəfərov DGK barəsində iddia qaldırıb. Bu iş də əmək münasibətlərinə dair mübahisələrlə bağlıdır. Əliqulu Cəfərov da Şahin Bağırov DGK rəhbəri olduqdan sonra işdən çıxarılıb. 

Seyid