XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Soel Parfüm"də oğurluq: Yeniyetmə götürdüyü pulu oyun salonunda xərcləyib
Ölkə19:57 18.09.2026

"Soel Parfüm"də oğurluq: Yeniyetmə götürdüyü pulu oyun salonunda xərcləyib

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Soel” parfümeriya mağazasında oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə materiallarında hadisəni törədən şəxsin yetkinlik yaşına çatmayan olduğu qeyd edilib.

Yeniyetmə gecə saat 3 radələrində mağazanın qarşısına gələrək əlindəki alətin köməyi ilə giriş qapısını açıb və içəri daxil olub. O, mağazada şkafın siyirməsindən pul götürərək hadisə yerindən uzaqlaşıb.

İttihama əsasən, oğurlanan pulun məbləği 237 manat olub.

Məhkəmədə təqsirləndirilən şəxs əməlini qismən etiraf edib. O bildirib ki, hadisə zamanı yanında olan həmyaşıdı ilə birlikdə pul əldə etmək məqsədilə mağazadan oğurluq etmək qərarına gəliblər.

Onun sözlərinə görə, mağazanın qapısını açmaq üçün “atferka”dan istifadə edib, yanında olan şəxs isə çöldə gözləyib. Mağazaya daxil olduqdan sonra şkafda pul görüb və həmin pulları götürüb.

Yeniyetmə məhkəmədə oğurladığı pulun 237 manat olması ilə razılaşmayıb. O, cəmi 200 manat götürdüyünü bildirib. Daha sonra həmin pulun böyük hissəsini oyun salonunda, yeməyə və digər xərclərə sərf etdiyini deyib.

İş materiallarına əsasən, hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni və onunla birlikdə olan şəxsi Xırdalan şəhərində saxlayıblar.

Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və onunla barışdığını bildirib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə — oğurluğun yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə — təqsirli bilib.

Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seyid