XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi
Ölkə18:26 18.09.2026

Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Xocavənd şəhəri ərazisində fərdi yaşayış evlərinin təmir və bərpası işlərini həyata keçirən "Build Master" MMC-nin direktoru cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, "Build Master" MMC-nin direktoru Quliyev Babək Tərxan oğlu tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin Xocavənd rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyənləşdirilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, şirkət tərəfindən Vəfadar Muradov adlı malyar ustası əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Xocavənd rayonunun işğaldan azad edilmiş Qırmızı Bazar qəsəbəsi ərazisində 27 gün müddətində usta işlərinin görülməsinə cəlb edilib.

Zərərçəkmiş Vəfadar Muradov məhkəmədə bildirib ki, şirkətin tikdiyi iki 4 mərtəbəli binada 11 min manatlıq iş görüb. Onun sözlərinə görə, MMC rəhbərliyi gördüyü işə görə 8 min manat ödəniş etməkdən yayınıb və buna görə hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmədə Vəfadar Muradovun əmək müqaviləsi olmadan işlədiyi təsdiqlənib. Lakin bildirilib ki, o, işlədiyi müddətdə spirtli içkidən çox istifadə etdiyinə və işini normal yerinə yetirmədiyinə görə MMC rəhbərliyi tərəfindən işdən uzaqlaşdırılıb. Görülən işə görə ona 3 337 manat əməkhaqqı ödənilib.

Məhkəmənin qərarı ilə “Build Master” MMC-nin direktoru Babək Quliyev İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3 min manat məbləğində cərimə olunub.

Aydın