XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir
Sağlamlıq19:00 18.09.2026

Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir

Yeni araşdırma insanların danışarkən etdiyi jestlərin yalnız fikri tamamlayan hərəkətlər olmadığını, həm də beynin qrammatik məlumatı emal etməsinə kömək edə bildiyini göstərib.

Qaynarinfo xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan tədqiqat bu əlaqəyə dair ilk neyrokoqnitiv sübutlardan birini ortaya qoyub.

Maks Plank Psixolinqvistika İnstitutunun alimləri xüsusilə inkar cümlələrinin, məsələn, “mən yatmadım” tipli ifadələrin necə qəbul edildiyini araşdırıblar. Tədqiqat üçün ana dili türk dili olan 24 nəfərin beyin fəaliyyəti EEG vasitəsilə qeydə alınıb. İştirakçılara müxtəlif jest və intonasiya kombinasiyaları ilə təqdim olunan cümlələr dinlədilib.

Türk dilində inkar şəkilçisi felin sonunda gəldiyi üçün dinləyici cümlənin əvvəlində onun inkar formasında olduğunu hələ bilməyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, inkarı göstərən jestlər beyinə bu məlumatı sözlə ifadə olunmazdan əvvəl çatdıra bilir. Jest əlavə edildikdə iştirakçıların mənfi cümlələri emal etməsi daha asan olub.

Araşdırmada stress və intonasiya da yoxlanılıb. Məlum olub ki, səsdəki vurğunun təsiri əsasən jestlə birlikdə ortaya çıxıb. Bu nəticə jestlərin dilin yalnız əlavə vizual komponenti deyil, bəzi hallarda qrammatik məlumatın ötürülməsində aktiv rol oynaya biləcəyini göstərir.

Alimlərin fikrincə, xüsusilə qrammatik məlumatın cümlədə gec təqdim edildiyi dillərdə jestlər dinləyiciyə həmin məlumat barədə daha erkən siqnal verə bilər. Bu isə qrammatikanın beyində yalnız sözlər vasitəsilə deyil, səs, intonasiya və bədən hərəkətlərinin birlikdə emalı nəticəsində formalaşdığını göstərir.

Tədqiqatçılar nəticələrin bütün dillərə şamil olunub-olunmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Növbəti mərhələdə müxtəlif dillərdə jest və intonasiyanın qrammatik məlumatın emalına təsirinin müqayisə edilməsi planlaşdırılır.

Şəbnəm İbrahimxəlilova