Dəyişməli olan uşaqdır, yoxsa cəmiyyət? - Ayxanın autizm hekayəsi (VİDEO)
Qaynarinfo.az yeni Youtube layihəsinə start verir.
"Bir Plus" adlı layihəmizin əsas mövzusu autizm və sindromlu uşaqlar olacaq. Hesab edirik ki, bu sahədə cəmiyyətin hələ eşitməli, bilməli olduğu çox şey var.
Bu layihədə real insan hekayələrinə, valideynlərin mübarizəsinə və uşaqların görünməyən dünyasına baxırıq. Mütəxəssislərlə birlikdə inklüzivliyin nə olduğunu deyil, niyə hələ də ona ehtiyac duyduğumuzu soruşuruq. Çünki fərqlilik uşağın problemi deyil, bəzən cəmiyyətin ona qurduğu divardır.
Çinarə Ömrayın moderatorluğu ilə hazırlanan ilk buraxılışında autizm spektrində olan 20 yaşlı Ayxan Quluzadə və anası, koç-təlimçi Humay Quliyeva qonaq olublar.
Verilişdə ailənin diaqnozdan bu günədək keçdiyi yol, xüsusi təhsil, musiqi, yetkinlik dövrü və inklüzivlik problemləri müzakirə edilib.
Humay Quliyeva bildirib ki, Ayxandakı dəyişikliklər üç yaşına yaxın nəzərə çarpıb. Ailə əvvəlcə autizm barədə kifayət qədər məlumata malik olmayıb. Sonrakı illərdə ana müxtəlif təlimlərə qatılıb və əldə etdiyi bilikləri oğlunun gündəlik bacarıqlarının inkişafına yönəldib.
Onun sözlərinə görə, musiqi Ayxanın həyatında dönüş nöqtəsinə çevrilib. Hazırda Ayxan musiqi məktəbində fortepiano üzrə təhsil alır, eyni zamanda rabitə və informasiya texnologiyaları istiqamətində peşə təhsili alır. O, gələcəkdə televiziya və ya radioda aparıcı olmaq istədiyini deyib.
Humay Quliyeva hesab edir ki, autizm spektrində olan uşaqların yalnız akademik biliklərlə yüklənməsi düzgün deyil:
“Biz akademik bilikdən çox uşaqlarımıza həyat tərzini öyrətməliyik ki, onlar gələcəkdə özlərini həyata qazandıra bilsinlər”.
Verilişdə inklüziv təhsil, kölgə müəllimlərinə ehtiyac, sensor yüklənmə, yetkinlik dövrünün çətinlikləri və sosial müavinət məsələləri də müzakirə olunub. Humay Quliyeva valideynlərin təlim, nəqliyyat və gündəlik dəstək üçün böyük maliyyə yükü daşıdığını bildirib.
Ayxan isə musiqini “həyat” adlandırıb və səhnədə özünü daha rahat hiss etdiyini deyib.
Müsahibənin tam versiyasını bu gün saat 20:00-dan etibarən Qaynarinfo-nun YouTube kanalında izləmək mümkündür.
Şərhlər