“Terminal Consultinq” MMC barəsində inzibati protokol tərtib olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkət 2024-cü ildə “Avatar International Trade Co Limited” şirkətinə ehtiyat hissələrinin alınması məqsədilə 80 min ABŞ dolları məbləğində avans ödənişi edib.
Müqavilə və invoys əsasında həyata keçirilən ödənişdən sonra iki il ərzində həmin vəsait hesabına alınan malların Azərbaycana idxalı həyata keçirilməyib. Eyni zamanda, 80 min ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmayıb.
Məsələ ilə bağlı Mərkəzi Bank tərəfindən “Terminal Consultinq” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmə şirkətin nümayəndəsinin iclasa gəlməməsinə baxmayaraq işə onun iştirakı olmadan baxıb.
Qərarda qeyd olunub ki, İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə mallar idxal edilmədikdə və ya ödənilmiş vəsait geri qaytarılmadıqda, hüquqi şəxslər həmin valyuta vəsaitinin 20-30 faizi məbləğində cərimə edilə bilər.
Məhkəmə “Terminal Consultinq” MMC-ni təqsirli bilib və şirkətə 80 min ABŞ dollarının 20 faizi, yəni 16 min ABŞ dolları məbləğində cərimə tətbiq edib.
Qərara əsasən, cərimə ödəniş gününə qüvvədə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablanacaq.
Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Mehdiyev Rəhim oğludur. MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 4 005 706,76 manat vergi borcu var.
Aydın
Şərhlər