XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həkim xəbərdarlığı: Vitaminləri özbaşına qəbul etmək hansı təhlükələri yarada bilər?
Sağlamlıq16:54 18.09.2026

Həkim xəbərdarlığı: Vitaminləri özbaşına qəbul etmək hansı təhlükələri yarada bilər?

Payız aylarının gəlişi ilə soyuqdəymə, qrip və müxtəlif respirator virus infeksiyalarına yoluxma halları arta bilər. Bu dövrdə insanlar xəstəliklərdən qorunmaq və immunitetlərini gücləndirmək məqsədilə müxtəlif dərman və vitamin preparatlarına müraciət edirlər. Xüsusilə sosial şəbəkələrdə D vitamini, immuniteti gücləndirən preparatlar və digər vasitələrlə bağlı çoxsaylı tövsiyələr yayılır.

Bəs həkim məsləhəti olmadan dərman və vitamin qəbul etmək nə dərəcədə doğrudur? Hər kəs üçün eyni preparat və doza uyğun ola bilərmi?

Terapevt Nərminə Abbasova Qaynarinfo-ya açıqlamasında bildirib ki, havaların nisbətən soyuması ilə respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə oluna bilər:

“Belə dövrdə insanlar ilk növbədə geyimlərinə diqqət etməli, soyuqdəymədən qorunmağa çalışmalıdırlar. Bununla yanaşı, qidalanmaya və yuxu rejiminə də nəzarət etmək vacibdir. Düzgün qidalanmamaq, yuxu rejiminin pozulması və vitamin çatışmazlığı orqanizmin müqavimətini zəiflədə bilər. İnsanlar isə çox vaxt aptekə müraciət edərək öz bildikləri dərman və vitaminləri almağa üstünlük verirlər. Bunun qarşısı alınmalıdır. Ümumiyyətlə, virus və ya infeksiya əlamətləri, eləcə də soyuqdəymə zamanı həkimə müraciət etmək lazımdır. Xəstəliyin hansı tipdə olduğunu və hansı müalicənin tətbiq edilməli olduğunu həkim müəyyən etməlidir. İstər xəstəlik yüngül, istərsə də ağır formada keçsin, dərman müalicəsi həkim təyinatı əsasında aparılmalıdır”.

Həkim vitamin çatışmazlığının insan tərəfindən özbaşına müəyyən edilə bilməyəcəyini vurğulayıb:

“Məsələn, son dövrlərdə D vitamini çatışmazlığı ilə bağlı məlumatların artması insanların bu preparatı həkim məsləhəti olmadan qəbul etməsinə səbəb olur. D vitamini qəbul etməzdən əvvəl onun orqanizmdəki səviyyəsi yoxlanılmalıdır”.

Nərminə Abbasova bildirib ki, əgər həqiqətən çatışmazlıq varsa, vitamin həkim tərəfindən müəyyən edilən dozada qəbul edilməlidir:

”Əksinə, orqanizmdə D vitamini normal olduğu halda əlavə olaraq qəbul edilməsi toksiki təsirlərə səbəb ola bilər. İnsan isə orqanizmində baş verən bu dəyişikliklərin səbəbini özü dəqiq müəyyən edə bilməz. Bu səbəbdən düzgün yanaşma həkimə müraciət etmək və dərmanları, eləcə də vitamin preparatlarını yalnız həkim təyinatı əsasında qəbul etməkdir. Xəstəliklərdən qorunmaq və ya onları müalicə etmək məqsədilə özbaşına dərman qəbul etmək düzgün deyil. Əksinə, bu, bəzi hallarda xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”.

Həkim qeyd edib ki, hətta yüngül soyuqdəymə əlamətləri belə orqanizmdə mövcud olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər:

“İnsanda əlavə virus və ya infeksiya olmasa belə, soyuqdəymə fonunda əvvəldən mövcud olan xəstəliklər özünü göstərə bilər. Buna görə də son qərarı həkim verməlidir. İnfeksiyaların və virusların yayılmasının qarşısını almaq üçün xəstəlik əlamətləri olan insanların bir müddət kütləvi toplaşma yerlərindən uzaq durması da məqsədəuyğundur. Bu, həm yoluxma hallarının azalmasına, həm də xəstənin daha tez sağalmasına kömək edə bilər”.

Terapevt sosial şəbəkələrdə yayılan tibbi məlumatlara da diqqətlə yanaşmağın vacibliyini bildirib:

“Sosial şəbəkələrdə insanların sağlamlığı ilə bağlı düzgün tövsiyələr verən yazılar da var. Mənim də insanlara düzgün məlumat çatdırmaq məqsədilə hazırladığım məqalələr mövcuddur. Lakin bu məlumatların ümumi xarakter daşıdığını nəzərə almaq lazımdır. İnsanlar sosial şəbəkələrdə oxuduqları məlumat əsasında özlərindəki xəstəliyi dəqiq müəyyən edə bilməzlər. Çünki şikayətlər və xəstəliklərin gedişi hər insanda fərqli ola bilər. Orqanizmlər fərqlidir və eyni xəstəlik müxtəlif insanlarda müxtəlif formada özünü göstərə bilər. Ona görə də sosial şəbəkələrdən əldə edilən məlumatlar əsasında özbaşına qərar vermək düzgün deyil. Həmin tövsiyələr konkret şəxsin sağlamlıq vəziyyəti, şikayətləri və xəstəlik tarixçəsi nəzərə alınmadan verildiyi üçün yanlış tətbiq olunduqda arzuolunmaz nəticələrə və xəstəliyin ağırlaşmasına səbəb ola bilər”.

Şəbnəm İbrahimxəlilova