XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq
Ekonomiks18:08 18.09.2026

Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq

Taksi fəaliyyəti üçün avtomobil alaraq aylıq qazanc verəcəyini vəd edən və tanışlarından ümumilikdə yüz minlərlə manat alan Hadıyev Tural Araz oğlu bağlı cinayət işi üzrə məhkəmə hökm çıxarıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs müxtəlif şəxsləri etimadlarından sui-istifadə və aldatma yolu ilə aldadaraq onlardan pul və avtomobillər alıb.

O, zərərçəkmiş şəxslərdən birinə “Toyota Prius” və “BYD” markalı avtomobillər aldıraraq həmin avtomobilləri taksidə işlədəcəyini və hər avtomobilə görə aylıq 500 manat qazanc verəcəyini vəd edib. İttihama əsasən, bu vədlə müxtəlif vaxtlarda həmin zərərçəkmişdən ümumilikdə 111 500 manat pul alıb.

Təqsirləndirilən şəxsin daha bir zərərçəkmişi də eyni üsulla aldatdığı bildirilir. O, həmin şəxsə 14 ədəd “BYD” markalı avtomobil aldırıb. Daha sonra avtomobillərdən ikisini sahibinin xəbəri olmadan sataraq ümumilikdə 52 min manat əldə edib.

Bundan sonra avtomobillərdən birinin qəza etdiyini və təmirə ehtiyacı olduğunu deyərək zərərçəkmişdən əlavə 7 500 manat pul alıb. Nəticədə həmin şəxsə ümumilikdə 59 500 manat ziyan vurub.

Digər epizodda təqsirləndirilən şəxs “Chevrolet Cobalt” markalı avtomobilləri taksidə işlətmək və aylıq qazanc vermək vədi ilə zərərçəkmiş şəxsdən 23 500 manat alıb.

İttihama görə, o, daha bir zərərçəkmiş şəxsdən isə eyni məqsədlə müxtəlif vaxtlarda 181 241 manat alaraq ələ keçirib. Həmin məbləğin 30 min və 140 min manatı avtomobil alınması ilə bağlı verilib, daha 11 241 manat isə cərimələrin ödənilməsi adı ilə alınıb.

Beləliklə, iş üzrə göstərilən epizodlarda zərərçəkmiş şəxslərə ümumilikdə 375 741 manat məbləğində ziyan vurulduğu qeyd olunur.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluğun külli miqdarda ziyan vurmaqla törədilməsi) ilə təqsirli bilib.

Ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Seyid