1721-ci ildə dəniz quldurları tərəfindən ələ keçirilmiş Portuqaliya gəmisinə - "Nossa Senhora do Cabo"ya aid olduğu ehtimal edilən qalıqlar, Nosy Boraha adası yaxınlığında aşkar edilib. Uzun müddətdir izini itirmiş tədqiqatçılar, gəminin yükü və səfəri ilə bağlı yeni məlumatlar əldə ediblər.
Qaynarinfo xəbər verir ki, 1721-ci ildə Portuqaliyanın Lissabon şəhərinə yola düşən ticarət və hərbi gəmi Hind okeanında dəniz quldurları tərəfindən ələ keçirilib. Təxminən üç əsr sonra bu hadisənin izləri yenidən ortaya çıxıb. Massaçusetsdə yerləşən Tarixi Gəmi Batıqları Qoruma Mərkəzindən iki tədqiqatçı, həmin gəminin qalıqlarının Madaqaskar sahillərində tapıldığını açıqlayıb.
Araşdırmaçılar 16 illik sahə və arxiv işləri nəticəsində, tapılan batığın "Nossa Senhora do Cabo" adlı 700 tonluq Portuqaliya hərbi gəmisinə aid ola biləcəyini bildirirlər. Bu nəticələr hələ elmi jurnallarda dərc edilməsə də, ilkin dəyərləndirmələr "Wreckwatch Magazine" adlı nəşrdə paylaşılıb.
Batığın aşkarlandığı ərazi Madaqaskarın şimal-şərq sahillərində yerləşən Nosi Boraha adasıdır (əvvəlki adı ilə Île Sainte-Marie). XVII-XVIII əsrlərdə bu ada dəniz quldurları üçün əsas gizlənəcək yer kimi tanınıb. Tədqiqatçılara görə, "Nossa Senhora do Cabo"nun dəniz quldurları tərəfindən ələ keçirilməsi bu dövrün ən təsirli hadisələrindən biri hesab oluna bilər.
Gəmi sonar və məsafədən müşahidə texnologiyalarından istifadə edilərək aparılan sualtı axtarışlar nəticəsində tapılıb. Su altından çıxarılan tapıntılar gəminin kimliyini müəyyənləşdirməkdə mühüm rol oynayıb. Tapılan dini əşyalar – ağac və fil dişindən hazırlanmış obyektlər, Məryəm Ana fiqurları, xaç hissələri və üzərində yazılar olan fil dişi lövhələr – gəminin yükü ilə bağlı mühüm məlumatlar təqdim edib. Bu əşyaların dövrün Portuqaliya koloniyası olan Goada istehsal olunduğu və Lissabona aparılmaq üçün yola salındığı düşünülür.
Tarixi mənbələrə görə, "Nossa Senhora do Cabo" yalnız dini əşyalar deyil, eyni zamanda böyük dəyərə malik yük daşıyıb. Gəmidə 110 brilyant, 250 zümrüd, 20 yaqut, 20 səfir, həmçinin qızıl və gümüş külçələr, metal pullar və ipək parçalar olub. Tədqiqatı aparan Brendon Klifford və Braun Universitetindən arxeoloq Mark Aqostini bildirirlər ki, bu qədər böyük bir xəzinə hətta korsanlar üçün belə gözlənilməz olub. Onların hesablamalarına görə, bu xəzinənin bu günkü dəyəri 138 milyon dollardan çox ola bilər.
Gəmi 1721-ci ildə Hindistanın Goa limanından yola çıxıb. Sərnişinlər arasında bir Portuqaliya baş valisi, Goa arxiyepiskopu və Mozambikdən gətirilmiş 200-dən çox qul olub. 8 aprel tarixində Fransa adası Reyunion yaxınlığında korsan hücumuna məruz qalan gəmi, qısa müddət ərzində təslim olub. Gəmiya hücum edənlər arasında "Ağquş" (fr. "La Buse”) ləqəbli məşhur dəniz qulduru Olivye Levassör də olub. Daha öncə bir fırtınada ciddi zədələnmiş gəmi, hücum zamanı müqavimət göstərə bilməyib.
Hücumdan sonra gəmi İle Sainte-Marie adasına aparılıb və burada batırılıb. Gəmidəki baş valinin fidyə qarşılığında azad edildiyi bilinir. Lakin arxiyepiskopun və gəmiyə mindirilmiş qulların sonrakı taleyi barədə dəqiq məlumat yoxdur.
Klifford "Live Science" nəşrinə verdiyi açıqlamada, bu bölgədə qəsdən batırılmış və ya zamanla su altında yox olmuş çoxlu gəmi olduğunu bildirib. Yalnız İle Sainte-Marie ətrafında 7-10 arasında gəmi batığı olduğu güman edilir. Aqostini isə bu bölgənin arxeoloji baxımdan kifayət qədər öyrənilmədiyini və gələcəkdə daha çox kəşfin mümkün olduğunu deyir.
Aydın
Şərhlər