Xəbər lenti

Böyük zəfərinə qaranlıq kölgə düşdü: Atasının təsiri ilə kraliça seçildi - İDDİA
Dünya 15:55 22.11.2025

Böyük zəfərinə qaranlıq kölgə düşdü: Atasının təsiri ilə kraliça seçildi - İDDİA

Gözəllik yarışmaları həmişə milyonların maraq göstərdiyi tədbirlərdən hesab olunur. Bəlkə də həyatın sərt reallıqlarından bir qədər uzaqlaşmaq istəyənlər bu cür yarışmaları diqqətlə izləyir. Eləcə də bir gün özləri belə yarışmalarda iştirak etməyi arzulayan gənc qızlar baş verənləri görüb xəyal qurur. Əlbəttə, bu cür tədbirlər barədə şayiələr, mübahisələr də daim gündəmdə olur. Tac qazananları bəyənənlər də var, bəyənməyənlər də. Bunlar əslində belə yarışmalar üçün adi haldır. Amma görünür, heç bir yarışmada bu il Tailandda keçirilən "Miss Universe" (Kainat Gözəli) qədər ard-arda skandal və şayiə ortaya çıxmamışdı.



Qaynarinfo xəbər verir ki, Meksika gözəli Fatima Boş Fernandsin lenttaxma mərasimində yarışmanın aparıcısı Nəvat İtsaragrizil tərəfindən danlanması ilə başlanan hadisələr zəncirinə final gününə qədər yeni qalmaqallar əlavə olunub.

Sonradan İtsaragrizilin ağlayaraq üzr istəməsi, bəzi münsiflərin "şəxsi səbəblər” adı altında vəzifələrindən ayrılması deyərkən, bu ilki "Kainat Gözəli" yarışmasında qalmaqallar səngimir. Nəhayət, İtsaragrizilin danladığı Meksika gözəli Fatima Boş "Kainat Gözəli" tacını taxıb və yarışma başa çatıb. Lakin söz-söhbətlərin ardı kəsilmir. Hətta bunlara yeniləri də əlavə olunub.



Son günlər sosial şəbəkələrdə dolaşan məlumatlara görə, Fatima Boşun kraliça seçilməsinin arxasında "ata təsiri" var. İddialara əsasən, 2025-ci ilin "Kainat Gözəli", meksikalı Fatima Boşun atası Bernardo Boş ilə "Miss Universe" baş direktoru Raul Roça arasında iş əlaqələri mövcuddur. Məhz buna görə Fatima birinci yerə çıxarılıb.

Fatimanın atası ilə yarışmanın rəhbəri Roça arasında olduğu deyilən bu iş ortaqlığı həm yarışmanın nüfuzuna, həm də Fatima Boşun qalibiyyətinə kölgə salıb.

Bernardo Boş ilə Raul Roçanın ortaq kommersiya fəaliyyətlərini sübut edən sənədlər üzə çıxmasa da, bu iddialar 25 yaşlı Fatimanın qalibiyyəti ilə bağlı şübhələr yaradıb. Gənc qadının atasının şəxsi əlaqələrinə görə "Kainat Gözəli" seçilmiş ola biləcəyi fikri cəmiyyətdə yer edib.

Bu şayiələrin nüfuz qazanmasının digər səbəbi də 30 finalistin əvvəlcədən müəyyən edildiyinə dair iddialardır. Bildirilir ki, məhz buna görə bəzi şəxslər münsiflikdən çəkilib.

Fatima Boşun ailəsinə qısa nəzər salaq:



Atası Bernardo Boş mühəndis və dövlət qulluqçusudur. O, 27 il "Pemex” (Petroleos Mexicanos) üçün çalışıb. Hazırda da həmin şirkətə məsləhətçi kimi xidmət göstərir.

Fatimanın anası Vanesa Fernandes Balboanın ailəsində isə gözəllik yarışmalarına maraq nəsildən-nəslə ötürülür. Vanesanın bacıları Monika və Klaudiya da yaşadıqları bölgədə keçirilən gözəllik yarışmalarına qatılıb.

Bu iddialar fonunda yarışmadakı vəzifəsindən ayrılan münsif üzvü Omar Harfuşun açıqlamaları Fatimanın sevincinə də, ümumi nəticəyə də qaranlıq kölgə salıb. Harfuş Meksika gözəli Fatima Boşun birinci seçiləcəyini finaldan 24 saat əvvəl bildiyini iddia edir. O, Fatimanın atası ilə yarışmanın baş direktoru arasındakı kommersiya əlaqələrinə dair məlumatları sosial şəbəkədə paylaşıb.



Həmçinin, həm Raul Roçanın, həm də onun oğlunun Fatima Boşa səs verməsi üçün ona təzyiq etdiyini bildirib.

Harfuşun sözlərinə görə, o, bu təklifə belə cavab verib: "Bunu məndən istəməməlisən. Mən onsuz da ona səs verəcəkdim. Çünki əla çıxış etdi və qadın hüquqları barədə çox gözəl fikirlər söylədi".

Harfuşun iddiasına əsasən, Roçanın oğlu belə deyib: "Bizim kommersiya fəaliyyətimiz üçün onun qalib gəlməsi çox vacibdir".

Bu arada vəzifəsindən ayrılan təkcə Harfuş olmayıb. Münsiflərdən Kloqd Makalele və şahzadə Kamilla di Borbone də finaldan əvvəl yarışmanı tərk edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->