Xəbər lenti

Dövlət ehtiyatları haqqında qanun qiymətlərin tənzimlənməsində necə rol oynayacaq?
Ekonomiks 11:51 10.10.2023

Dövlət ehtiyatları haqqında qanun qiymətlərin tənzimlənməsində necə rol oynayacaq?

"Lazım olan anda məhsulu bazardan çıxartmaq və hər hansı məhsulu yeri gələndə bazara daxil etmək baxımından dövlət ehtiyatlarının əhəmiyyəti çox böyükdür".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli "Dövlət ehtiyatları haqqında” qanunun tələblərini şərh edərkən deyib. 

Ekspert bildirib ki, qanunun qəbul edilməsi və bu qanunun tələblərindən irəli gələrək müxtəlif məhsullar üzrə dövlət ehtiyatlarının yardılması bazar iqtisadiyyatında, xüsusi ilə kənd təsərrüfatı məhsullarının qiymətinin tənzimlənməsində bir element olaraq çox vacib vasitədir:

"Bu qanun Azərbaycanda yox idi. Artıq qanun qəbul edilib. Ehtiyatlar qarşıdakı illərdə yaradılacaq və ölkədə kənd təsərrüfatı məhsullarının inkişaf alqoritmi bunun üçün öyrənilməlidir. Həmin alqoritmə uyğun olaraq ehtiyatlar yaradılmalı, tənizmləmə aparılmalıdır. Bu həm qiymətlərin sabitləşməsinə töhvə verə bilər, həm də kənd təsərrüfatında qiymətləri bazar vasitəsi ilə tənzimləmək sabit inkişafın əsas amillərindən biridir".



Akif Nəsirlinin fikirincə, qanunun qəbul edilməsi o demək deyil ki, bu, ölkə daxilindəki məhsulların qiymətinə təsir edəcək:

"Haradasa bazar məhsullarına müsbət və mənfi təsiri olacaq. Bu daha çox qanunun necə işləməsindən asılıdır. Dövlət ehtiyatları haqqında qanun bazar iqtisadiyyatı üçün çox vacib elementlərdən biridir. Məsələn, biz əvvəllər də bu barədə danışırdıq ki, kənd təsərrüfatı məhsullarının hökumət tərəfindən tənzimlənməsi ortaya qoyulmalıdır. Yəni kənd təsərrüfatı məhsullarının qiyməti tənzimlənməlidir”.

Bəs tənzimlənməni dövlət necə həyata keçirəcək?
 
Ekspertin sözlərinə görə, tənzimlənmənin bir hissəsi də məhz dövlət ehtiyatlarına bağlanır:

"Yəni, tutaq ki, bu il taxıl ölkədə qıtdır, dövlət ehtiyatları hesabına kəsir ödənilir. Dövlət ehtiyatlarından bazara əlavə taxıl çıxarılır. Hər hansı bir məhsul - məsələn soğan boldursa, əksi baş verir. Yeri gəlmişkən, qeyd edim ki, bu il Azərbaycanda yay-payız soğan boldur. Qışın sonunda, yazın isə əvvəlində soğan qıtlaşır, qiymət üç dəfə bahalaşır. Bunun qarşısını almaq üçün hökumət özünə ehtiyat yığmalıdır. Anlamalıdır ki, hər il martın axırı, aprelin əvvəli soğanın qiyməti qalxacaq və qiyməti tənzimləmək üçün nə qədər məhsul lazım olacaq. Həmin məhsulu hökumət ehtiyat şəkilində öz anbarlarında saxlamalıdır. Qanunun qəbulundan sonra ehtiyatlar yaradılmalıdır. Yalnız bundan sonra nəyinsə səmərəsini görəcəyik”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->