Amerika Birləşmiş Ştatlarında seriyalı qatil mövzusu uzun illərdir təkcə qorxu janrının deyil, həm də ictimai tənqidin əsas elementlərindən birinə çevrilib. Lakin illər keçsə də, bu mövzuya maraq azalmır.
Qaynarinfo xəbər verir ki, "Guardian" nəşri bu fenomenin səbəblərini araşdırıb.
Son iki ildə Texas ştatının Ostin şəhərində bir göldə tapılan çoxsaylı cəsədlər "Rainey Street Qəssabı" adlı bir seriyalı qatilin dolaşdığı barədə şayiələrə yol açıb. Lakin polis və ekspertlər bu hadisələrin əksəriyyətinin spirtli içki və narkotik istifadəsi ilə bağlı boğulma halları olduğunu bildiriblər.
Austin polisinin bəyanatında deyilir: "Sosial mediada yayılan iddiaların əksinə olaraq, araşdırma nəticələri göstərir ki, şəhər seriyalı qatil təhlükəsi ilə üzləşməyib".
Sosial medianın təsiri
Texas Dövlət Universitetinin kriminologiya professoru, məşhur "donuz ferması qatili" Robert Piktonun tutulmasına yardım edən coğrafi profil üsulunun müəllifi doktor Kim Rossmo, sosial medianın sensasiya yaratmaq məqsədilə məlumatları şişirtdiyini deyib. O bildirib: "Xəyali qatillərin arxasınca qaçmaqla həm vaxt, həm də resurs itiririk".
Maraq azalmır, amma qətllər azalır
"Guardian"ın yazdığına görə, Ted Bandi və Cefri Dahmer kimi onlarla insanı öldürən tanınmış qatillərdən sonra belə, Amerika ictimaiyyətinin bu mövzuya marağı azalmayıb. Lakin statistika fərqli mənzərə yaradır.
Northeastern Universitetinin kriminoloqu Ceyms Alan Foks qeyd edir ki, 1970-ci illərdə ABŞ-da təxminən 300 aktiv serial qatil vardısa, bu rəqəm 2010-cu illərdə 50-nin altına düşüb. Yəni son yarım əsrdə belə cinayətlərin sayı 80 faiz azalıb.
Azalmanın əsas səbəbləri
Foks bu azalmanın bir neçə səbəbini sadalayır:
*Artıq avtostop təcrübəsi demək olar ki, yoxdur.
*Mobil telefonlar vasitəsilə yardım çağırmaq asanlaşıb.
*İnsanlar yad şəxslərə qarşı daha ehtiyatlı davranır.
*DNA texnologiyası cinayətkarları daha tez müəyyənləşdirir.
*Polis idarələri arasında məlumat mübadiləsi və müşahidə kameraları cinayətlərin qarşısını alır.
*Küçə fahişəliyinin azalması potensial qurbanların sayını azaldır.
Populyar mədəniyyətdə artan maraq
Reallıqda seriyalı qatillərin sayı azalsa da, populyar mədəniyyətdə onlara olan maraq artmaqdadır. Məsələn, "Long Island" qatili kimi tanınan Reks Heuermann 2026-cı ildə yeddi qadının qətlində ittiham olunacaq və artıq onun haqqında iki sənədli film çəkilib. "Netflix"in "Monster" serialı da həm Cefri Dahmeri, həm də "Plainfield Qəssabı" Ed Qeini ekranlaşdırıb və böyük tamaşaçı marağı qazanıb.
Yeni dövrün qorxusu: silahlı hücumlar
Foks hesab edir ki, seriyalı qatillərin sayındakı azalma, daha təhlükəli bir hadisənin – kütləvi silahlı hücumların artması ilə eyni dövrə təsadüf edir:
"Seriyalı qatillər bir topluluğu qorxudurdu, amma kütləvi atışmalar insanlarda birbaşa qorxu yaradır. İndi amerikalılar belə hadisələrə düşmək qorxusundan bəzi yerlərə getməməyə üstünlük verirlər. Bu, tamam başqa cür qorxudur".
"Cəmiyyətin canavarlara ehtiyacı var”
Jurnalist Reyçel Korbett isə yazır ki, cəmiyyətin canavarlara ehtiyacı var:
"Onlar bizə kim olduğumuzu və kim olmadığımızı xatırladırlar. Qorxuncdurlar, çünki insanla qeyri-insan arasındakı sərhədi bulanıqlaşdırırlar və nəyə çevrilə biləcəyimiz barədə bizi xəbərdar edirlər".
Boston Universitetindən kino və televiziya professoru Debora Jaramillo isə bildirir ki, ABŞ mediası məşhurluq mədəniyyətinə çox uyğun qurulub:
"Bizdə "məşhur cinayətkar" anlayışı var və serial qatillər zamanla bir növ ulduza çevrilirlər".
Aydın
Şərhlər