"Ruslar heç bir halda
Laçının Azərbaycana verilməsini istəmirlər”.
Bunu Qaynarinfo-ya
açıqlamasında analitik İlkin Həsənli deyib. Onun fikrincə, Rusiya tərəfi bunun
hər şeyin sonu kimi qəbul edir:
"Ərdoğanın Putinlə
telefon danışığının hansı tonda getməsini anlamaq üçün buna qədər olan hadisələrə
və çıxışlara xüsusi diqqət yetirmək lazımdır. Kremlin açıqlamasına görə,
telefon danışığı məhz Türkiyə tərəfinin istəyi əsasında baş tutub. Telefon
danışığına şərait yaradan amillərdən biri, əlbəttə ki, İdlibdə son baş verənlərdir.
Moskva Ankaraya həm də Qarabağ məsələsində təzyiq üçün Əsəd qoşunlarını burada
aktivləsdirib. Başqa bir məsələ isə Rusiyanın Qarabağ savaşı fonunda atdığı
addımlardır. Bu addımlar sırasına, xüsusilə, Moskvanın Ermənistana açıq şəkildə
silah verməsi, eləcə də Moskvanın öz qoşunlarını birbaşa Azərbaycanla Ermənistan
sərhədinə yerləşdirməsi və Moskvanın xüsusən beynəlxalq təşkilatlar, eləcə də
Avropada Azərbaycana öz təsir rıçaqlarından (buraya xüsusilə radikal siyasi
qüvvələr aiddir) istifadə etməsi daxildir. Vəziyyət o həddə gəlib çatıb ki,
Rusiya ilə münasibətlərdə hər zaman ehtiyatlı və realist yanaşma tərəfdarı olan
İlham Əliyev həm xalqa son müraciəti, həm də RAİ televiziyasına müsahibəsində
açıq şəkildə Rusiyanı ittiham etməyə başlayıb. Üstəlik, Avropadan Qarabağa gələn
siyasətçilərə nəzər yetirin. Bu siyasətçilərin çoxusu avroskeptik və Rusiyaya
xoş münasibətin tərəfdarı olanlardır. Yəni, Moskva Ermənistanı qorumaqdan ötrü
hərtərəfli hücuma keçib”.
Analitik zəng ərəfəsində
Putinin Valdaydakı məşhur çıxışını da şərh edib:
"Putin bu çıxışında nə
deyirdi? Qısaca mesaj bu idi ki, bəli, azərbaycanlılara torpaqların
qaytarılmasına müəyyən mənada razı ola bilərik, amma proses nəzarətimizdə
olmalıdır. Üstəlik, Putin çıxışı zamanı erməniləri hansı ad altında müdafiə edəcəyinin
mesajını belə verir və illərdir ərazi konflikti adlandırdığı problemi birbaşa
etnik konflikt olaraq təsnif edir. Məhz bu proseslər fonunda Ərdoğan Putinə zəng
etmişdi. Ən azından telefon danışığından sonrakı açıqlamalar göstərir ki, tərəflər
arasında danışıqlar elə də yumşaq tonda keçməyib. Hər bir halda Ərdoğanın
açıqlaması danışıqların yuxarıda sadalanan bəndlər üzərində getdiyini göstərir.
Digər tərəfdən Ərdoğanın açıqlaması başqa məqamları da ortaya çıxarır.
Ərdoğanın telefon danışığı zamanı Ermənistana bu tərzdə silah yardımın
dayandırılması tələbini səsləndirməsi ehtimalı böyükdür. Üstəlik, Türkiyənin
ruslara özlərinin Qarabağ danışıqlarina qoşulmasını təklif etmələri də
mümkündür ki, Moskva bunların heç birini qətiyyətlə qəbul etmək istəmir və qəbul
edəcəyi təqdirdə böyük itkiyə məruz qalacağını da bilir”.
İlkin Həsənli
bildirib ki, başqa diqqət ediləsi məqam rusların sərhədə yeridilməsi məsələsidir:
"Güman ki bu da
telefon danışığının əsas mövzusu olub. Bunu nəzərə alsaq, Ərdoğanın çıxışı
zamanı "qırmızı xətt” mövzusunu hədər yerə gündəmə gətirmədiyini anlamış
olarıq. Aydındır ki, sərhədə rusların gəlməsi həm də Moskvanın savaşa dolayısı
yolla qoşulmaq istəməsini göstərir. Dolayısı yolla bu gün Azərbaycan Qarabağın
şərqində təkcə ermənilərlə yox, həm də ruslarla toqquşmuş olur. Yəni, əgər
Rusiya artıq Ermənistan Azərbaycan sərhədinə rəsmən nəzarət edirsə, demək ki,
bu ərazidən Azərbaycan torpaqlarına birbaşa müdaxiləyə, diversiya hücumlarına görə
də məsuliyyət daşımış olur. Bu da Moskvanın təkcə konfliktə müdaxiləsi demək
deyil, bu həm də Ermənistandan Azərbaycana atılan hər mərmiyə görə birbaşa
rusların məsuliyyət daşıması deməkdir. Yəni, bu, gələcəkdə ölkə ərazisinə təhdid
yaranarsa, rus bölmələrinin belə leqal hədəfə çevrilmək imkanının olduğunu göstərir.
Bu isə Azərbaycan üçün arzuolunmazdır, çünki Bakı konfliktin beynəlmilləşdirilməsini
istəmir. Ərdoğan məhz buna görə rusları təhdid edir və ağıllı davranışa səsləyir”.
İlkin Həsənli baş verənlərin
həm də bir çox məsələləri ortaya çıxardığını vurğulayıb:
"Bir şeyə diqqət edək.
Rusların Qarabağla bağlı xüsusi aktivliyi məhz Azərbaycanın Laçın koridoruna
yaxınlaşma ehtimalı gerçəkləşməyə başlayanda start götürdü. Ruslar heç bir
halda Laçının Azərbaycana verilməsini istəmirlər. Bunu hər şeyin sonu kimi qəbul
edirlər. Digər tərəfdən ruslar artıq Azərbaycan ordusuna qarşı heç bir şey
edilməyəcəyinin də fərqindədirlər. Ona görə də onların maksimal hədəfi Laçında
Azərbaycanı dayandıraraq danışıqlara cəlb etmək və mümkün olarsa, prosesi
uzatmaqdır. Minimal hədəf isə hər şey əldən gedəcəyi təqdirdə gələcəkdə Azərbaycana
qarşı təzyiq kimi istifadə etmək üçün Qarabağda heç olmasa hansısa formada nəsə
əldə etməkdir. Ona görə də Moskva maksimum səylə Azərbaycana təzyiq etməyə
çalışır”.
İlkin Həsənli sonda
bu gün baş tutan Cenevrə görüşünun gərgin keçəcəyini qeyd edib:
"Ona görə ki, Azərbaycan
görüşə təkcə şərtlərini irəli sürən qalib tərəf kimi yox, həm atəşkəsə əməl
etmiş və mülki insanları müharibə cinayətinə məruz qoyulmuş tərəf kimi gedir.
Görüşün konkret yekun nəticəsinin olacağını söyləmək çətindir. Lakin Moskvanın
Ermənistana son aktiv dəstəyi, eləcə də Paşinyanın son bəyanatları göstərir ki,
İrəvan Bakı qarşısında böyük güzəştlərə getməyə hələ də hazır deyil. Bu isə
Cenevrə görüşünün də real sülh razılaşmasının əldə edilməsi üçün yetərli
olmayacağını və ümumilikdə görüşün nəticəsinin digərlərindən o qədər də fərqlənməyəcəyini
ehtimal etməyə imkan verir”.
Bahar Rüstəmli
Şərhlər