Xəbər lenti

Ərdoğanın ABŞ səfəri: Vaşinqton Güləni təhvil verəcəkmi? (ŞƏRH)
Dünya 16:32 08.09.2022

Ərdoğanın ABŞ səfəri: Vaşinqton Güləni təhvil verəcəkmi? (ŞƏRH)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə ABŞ-a səfər edəcək. Səfər bir qədər uzun müddətli olacaq, sentyabrın 17-dən 22-dək davam edəcək. ABŞ-a səfəri fonunda Ərdoğanın bu ölkənin bir sıra dövlət rəsmləri ilə görüşləri gözlənilir. Bununla belə, onun ABŞ Prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi barədə hər hansı bir məlumat yoxdur. 

Qeyd edək ki, Ankara-Vaşinqton münasibətləri hələ də müəyyən dərəcədə soyuq olmaqda davam edir. Türkiyənin bir sıra məsələlərdə müstəqil hərəkət etməsi ABŞ-ı qıcıqlandırır. Onlar bir hərbi blokda təmsil olunsalar da, Ukrayna məsələsində demək olar ki, fərqli mövqedədirlər. Vaşinqton Ukraynaya dəstək verərək, müharibənin davam etdirilməsində maraqlı olsa da, Ankara prosesdə daha çox Moskva ilə Kiyevi barışığa gətirməyə çalışan tərəf qismində çıxış edir. Fətullah Gülənin təhvil verilməməsinə görə də ABŞ-la Türkiyə arasında ciddi fikir ayrılıqları qalmaqdadır. 

Ərdoğanın okeanın o tayına olan səfərini Qaynarinfo-ya açıqlamasında dəyərləndirən politoloq Tural Rzayev səfərin xeyli çəkməsinə rəğmən münasibətlərdəki hazırkı durumun yaxşılaşacağını gözləmir:



"Ərdoğanın səfəri əsasən BMT-dəki tədbirlə bağlıdır. BMT və Davos beynəlxalq platforma yaradır ki, eyni vaxtda bir neçə ölkə rəhbərlərilə görüşə bilsinlər. Bir var hər hansı ölkə rəhbəri 10-15 ölkənin hər birinə bir neçə gün vaxt sərf etməklə, arada da öz ölkəsinə qayıtmaqla əlavə vaxt sərf edəsən, bir də var eyni platformada nə qədər görüş lazımdırsa, hamısını keçirəsən. Ona görə də bu cür görüşlər adətən uzun çəkir. Ərdoğanın ABŞ-a gəlişinin əsas məsələsi budur”. 

Ekspert qeyd edir ki, Baydenlə görüş nəzərdə tutulmasa da, Ərdoğan onun baş tutmasına çalışacaq:

"Səfər fonunda Baydenlə görüş nəzərdə tutulmasa da belə, ABŞ-da olduğu dövrdə bu istiqamətdə çalışmalar olacaq. Türkiyə ilə ABŞ bir-birini nə qədər sərt tənqid etsə də, ölkələr arasında ciddi müzakirə olunacaq strateji məsələlər var. Ona görə də Ərdoğan özü etiraf etməsə də, Baydenlə görüşün alınmasına çalışacaq”. 

Həmsöhbətimiz səfər çərçivəsində iki ölkənin münasibətlərində yeniliyin olacağını da gözləmir:

"Ola bilsin, yeni F-16-ın Türkiyəyə satışı ilə bağlı məsələdə ortaq məxrəcə gəlinsin. Amma bütün hallarda münasibətlərdə hazırda mövcud olan durumun dəyişəcəyinə böyük ümidlər yoxdur”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->