Siyasət 09:23 07.07.2022

Erməni vandalizmi sərhəd tanımır (VİDEO)

Erməni vandalizmi sərhəd tanımır. Tarix boyu davam edən bu iyrənc xislətin izləri bu günümüzə qədər gəlib çatıb. İndiki ermənistan ərazisində 100-lərlə tarixi mədəni abidəmiz demək olar ki, yer üzündən məqsədli şəkildə silinib. İşğal dövründə də ermənilərin misli görünməmiş vəhşiliklərinə şahid olduq. Amma izlər silinsə də, tarixi sənədlər ermənilərin indi yaşadıqları ərazilərin belə bizim qədim torpaqlarımız olduğunu sübut edir. Elə indiki Ermənistan ərazisində dağıdılan abidələrimiz də bunun bariz nümunəsidir.

Məscid tamamilə məhv edilib, ərazisində isə hündürmərtəbəli yaşayış binası tikilib.

Bu müqəddəs məkan ermənilər tərəfindən dağıdılmış, viran edilmiş, vandalizm aktına məruz qalmış 100-lərlə tarixi-memarlıq abidələrimizdən biridir. 1810-cu ildə İrəvan xanlığı ərazisində inşa olunan Abbas Mirzə Məscidi ermənilər tərəfindən 2008-ci ildə dağıdılaraq bu hala salınıb. 

Tarixçi alim Rizvan Hüseynov deyir ki, 19-cu əsrdə indiki Ermənistan ərazisində 300-dən çox məscid qeydə alındığı halda, bu gün yalnız son Azərbaycan yadigarı - Göy məscid qismən salamat qalıb. O da xarici qonaqlara "fars məscidi" kimi təqdim edilir. Amma bütün faktlar Ermənistan ərazisindəki bu abidələrin əcdadlarımıza məxsus olduğunu sübut edir. 

Millət vəkili Əziz Ələsgərli isə deyir ki, ermənilər azərbaycanlılara məxsus unikal mədəni irs nümunələrini yer üzündən siliblər. İndiki Ermənistan ərazisində azərbaycanlılar təkcə etnik təmizləməyə məruz qalmayıblar, abidələrlə yanaşı, Qərbi Azərbaycanda yerləşən yaşayış məntəqələrimiz də məhv edilib. Azərbaycanlılar bu ərazilərdən deportasiya olunduqdan sonra proses daha geniş vüsət alıb. İşğal dövründə də erməni vandalizminin sərhəd tanımadığına bir daha şahid olduq.

Azərbaycanın elm və ictimaiyyət xadimləri İrəvandakı Təpəbaşı məhəlləsində xalqımızın tarixi-mədəni irsinə qarşı törədilmiş soyqırımı ilə bağlı UNESCO-ya müraciət ünvanlayıblar. 102 nəfərin imzaladığı müraciətdə sözügedən abidələrin dağılmasının qarşısının alınması və onların xüsusi nəzarətə götürülməsinin vacibliyi qeyd olunub.