Xəbər lenti

Fərid Pərdəşünas Azərbaycan startap bazarı haqqında “od püskürdü”
Ölkə 13:22 30.12.2016

Fərid Pərdəşünas Azərbaycan startap bazarı haqqında “od püskürdü”

Son zamanların dəbdə olan biznes forması - startaplar, dünyada kifayət qədər məşhurdur və hər gün Avropa, Asiya və Amerikada 100-lərlə yeni startaplar yaranmaqdadır. İKT sahəsinin inkişafı ilə əlaqədər olaraq son bir neçə ildə Azərbaycanda da bu sahəyə maraq sürətlə artır. 

Gənclər öz biznes ideyalarını formalaşdırmaq üçün yeni startaplar yaradıb, qlobal yaxud yerli bazarı hədəfləyirlər. Bu dəfə ki, müsahibimiz “technote.az” texnologiya və startap portalından tanıdığınız Fərid Pərdəşünasdır. Fərid, 2014-cü ildən Azərbaycan Startap bazarında fəaliyyətdədir və “technote” layihəsi ilə hazırda ölkənin ən çox oxunan texnologiya və startap portalının müəllifidir. 

- Fərid bəy sizin fikrinizcə startap nədir? Bu biznes formasını ənənəvi biznesdən fərqləndirən cəhətlər varmı?
- Ümumiyyətlə startapa konkret tərif vermək mümkün deyil. İnternetdə araşdırıb baxsaq, müxtəlif rəhbərlərin startap haqqında fərqli fikirlərini görə bilərik. Bəzilərinə görə startap biznesin başlanğıc formasıdır. Lakin hər biznesi startap saymaq olmaz. Başqa bir mənbədə startapın innovativ həllərlə biznesin təsisi kimi adlandırırlar. Bu yanaşma daha doğrudur deyə düşünürəm. Ümumiyyətlə öz şəxsi yanaşmam isə bir qədər fərqlidir. Mənə görə startap texnologiyaların üstünlüyündən istifadə edərək insanların həyatını asanlaşdıran həllər yaratmaqdır. Və bu həllər yaradılarkən işçi əməyini minumuma endirməklə, bir vasitəçi rolunu oynamaqdır. Günümüzün məşhur startapları olan, “Uber”, “Airbnb”, “Alibaba” və s kimi startaplar bu məqsədlə yola çıxıb. Lakin istehsalla məşğul olan xeyli startap da mövcuddur. Əsas məsələ olmayan bir şeyi yaratmaq və ən əsası məsələyə innovativ yanaşmaqdır. Qısacası startapı ümumi olaraq dəyərləndirsək, innovativ həllər təklif edərək, müəyyən problemi həll edən biznesin başlanğıc forması deyə bilərik.

- Azərbaycan startap bazarı haqqında nələr deyə bilərsiniz? Azərbaycanda uğurlu startaplar varmı?
- Mövzu Azərbaycanda Startaplar olanda, çox təəssüf ki, elə də ağız dolusu danışa bilmirik. Ölkəmizdə bu bazar yeni yaranmaqdadır və çox zəif bir şəkildə inkişaf edir. Amerika və Avropanı kənara qoysaq, Türkiyə bazarına belə yaxınlaşa bilmirik. Biz ən azı 5-10 il onlardan geri qalmışıq. Azərbaycanda uğurlu startap o qədər azdır ki, onları bir əlin barmaqları ilə də saymaq olar. Uğurlu deyə biləcəyimiz startaplarımız isə xarici ölkələrdə qurulub və sadəcə təsisçin azərbaycanlı olması ilə yerli olduğun bildirir.

- Bu sahədə dövlət dəstəyi vacibdirmi? Hansı növ imkanlar dövlət tərəfindən təmin olunur?
- Əslində məsələyə obyektiv yanaşsaq bazar öz-özünü tənzimləməlidir və dövlət sadəcə tənzimləyici metodlarla bazara müdaxilə etməlidir. Sahə yeni olduğundan təbii ki, bu sahəyə dövlətin dəstək olmaqda marağı var. Hal hazırda startaplar üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İnformasiya Texnologiyaları İnkişaf Fondu təsis olunub. Ölkə başçısının sərəncamı ilə hər il yerli startaplar üçün müəyyən qədər büdcə ayrılır. Lakin icraçı qurumlar bu vəsaiti heç də ədalətli şəkildə bölə bilmirlər. Müşahidə Şurasında səsverməyə çıxarılan layihələri dəyərləndirəcək ekspertlər çox azdır və hal hazırda müstəqil olmasına baxmayaraq ekspertlər, öz tanışlarına, keçmiş qrant alan layihələrə müəyyən qədər güzəşt edirlər. Biz öz saytımızda bu barədə dəfələrlə məqalə yazmışıq və mövzunu aktual saxlamağa çalışırıq. Çünki, bu göz görə-görə dövlət büdcəsindən sui istifadə etməkdir. Tezliklə bu problemi həll etmək lazımdır.

- Sizcə ölkədə startap yaratmaq üçün kifayət qədər uyğun şərait varmı?
- Düzünü desəm yox. Startap yaratmaq üçün son illərdə İnnovasiya Mərkəzləri kifayət qədər yaradılıb. Lakin hər bir mərkəzin fəaliyyətinə baxsaq, verdikləri dəstəklərin gülməli olduğunu görə bilərik. Belə addımlarla ölkədə çətin ki, bu ekosistem inkişaf etsin. Mərkəzlər startaplara yatırım etməkdə maraqlı deyillər. Əlavə olaraq Azərbaycanda mələk investorlar yoxdur. Mələkləri bir kənara qoysaq heç normal investor da tapmaq qəliz məsələdir. Olan investorlar isə real bizneslərə yatırım edirilər. Onlar üçün startaplar maraqlı olmur. Bazardan danışarkən yarışmalardan da danışmaq lazımdır. Hər il xeyli sayda startap yarışları təşkil olunur. Amma heç bir yarışma real pul təklif etmir. Etdikləri məbləğlər ilə isə ancaq server xərclərini çıxarmaq olar. Düşünürəm ki, bu bərbad vəziyyət tez bir zamanda düzəlməlidir. Ölkə olaraq yaxşı günlər yaşamırıq və bu vəziyyətdə ən yaxşı addım real bazara çıxma potensialı olan layihələrə yatırım etməkdir.

- Qlobal bazara çıxmaq üçün startaplarımız nələri etməlidir?
- Qlobal bazara çıxmaq hələ tezdir deyə düşünürəm. Qlobal bazara çıxmaq üçün yaxşı yatırımlar və investisiyalar lazımdır. Azərbaycana isə kənardan investor cəlb etmək çox çətindir. Əvvəl də qeyd etdiyim kimi, yerli investor tapmaq isə qeyri-mümkün məsələdir. Doğrudur, tez-tez yarışmalarda qlobal layihə axtarışı görürük amma bu çox yanlış addımdır. Lokal təcrübə və bazar olmadan qlobala çıxmaq çox absurd fikirdir. Qonşu Türkiyə bazarına nəzər salsaq lokal bazarın necə inkişaf etdiyini görə bilərik. Onlar hələ indi qlobal bazar hədəfindədir. Biz isə ideyadan qlobala qaçırıq, bu isə etdiyimiz ən yanlış hərəkətdir. Doğrudur, Türkiyə bazarı və bizim bazar müqaisə ediləcək şəkildə deyil amma yerli bazarı və ekosistemi formalaşdırmaq təməl hədəfimiz olmalıdır. Əks halda hər gün qan itirə-itirə gedəcəyik. 

- Bəs siz özünüzü uğurlu hesab edirsinizmi? Bu bazar üçün nələr etdiklərinizdən danışın.
- Uğur nisbi anlayışdır. Əgər 0-dan bir şirkət qurub 5 işçiyə sahib olmaq uğur hesab olunursa, məni uğurlu kimi qələmə verə bilərlər. Amma bu mənim üçün uğur deyil. Mənim hədəflərim və məqsədlərim fərqlidir və daha çox “böyük balıq”ların arxasınca qaçıram. Azərbaycan inkişaf etməkdə olan ölkədir, hazırda isə ölkənin vəziyyəti o qədər də qənaətbəxş hesab etmək olmaz. Belə olan halda bu bazarda fəaliyyət göstərmək çox çətin olur. Lakin baş verən hər bir prosses bizə yeni qapılar da açır. Boş bazarda olmağımız, insanlarda texnologiya və startap mədəniyyətinin yeni formalaşması bizim çox ağır bir dövrdən keçməyimizə səbəb oldu. Bir gün gələcək bu ölkənin gəncləri artıq innovasiyalardan və startaplarından pul qazanacaq, Azərbaycanın ilk xarici satışları reallaşacaq və bu zaman mən özümü və şirkətimizi uğurlu hesab edəcəm. İndiki vəziyyətdə isə insanları maarifləndirir, onları doğru istiqamətdə aparmağa çalışırıq. Bu yolda bizə dəstək olan insanlar isə sadəcə əvəzolunmazdır. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->