Dünya 23:34 22.07.2022

Fransa parlamenti qiymət artımına qarşı mübarizə aparacaq

Milli Assambleya pensiyaları qaldıran və kirayə haqqı artımlarını müvəqqəti olaraq donduran qanun layihəsini qəbul edib. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə baş nazir Elizabet Born bildirib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra artan enerji qiymətləri səbəbiylə fransızlara daha yüksək yaşayış xərclərinin öhdəsindən gəlməkdə kömək etmək Makronun verdiyi əsas vədlərdən biri idi.

Yeni qanun artan inflyasiyanın fonunda ev təsərrüfatlarının alıcılıq qabiliyyətini artırmaq üçün qəbul edilib. 

"Fransız xalqına konkret həllər təqdim etmək üçün hər bir hal üzrə səs çoxluğu əldə etməyə nail olduq",- Baş nazir Elisabet Born deyib.

Qanun layihəsində həmçinin dövlət sektoru işçilərinin maaşlarının artırılması, qida çekləri və şirkətlərin işçilərə daha yüksək vergisiz bonus ödənişləri etmək mexanizmi daxildir. Qanunun gözlənilən büdcə dəyəri təxminən 20 milyard avrodur.

Ayrılıqda, hökumətə milyardlara avroya başa gələ biləcək yanacağa endirimləri nəzərdə tutan qanun layihəsi üçün də müzakirələr başlayacaq.

Keçən ay Fransada digər avro zonası ölkələri ilə eyni şəkildə il ərzində 6,5% inflyasiya qeydə alınıb.

Nurlan