Xəbər lenti

Ölkə 17:57 20.07.2017

Fuad Allahverdiyev kimdir: motosiklet həvəskarı, motoklub üzvü (DOSYE)

Xəbər verildiyi kimi, "Azərtelekom" MMC-nin rəhbəri dəyişib və Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. O, bu postda Haim Maimonu əvəzləyib.

Fuad Allahverdiyev 8 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetində "Tətbiqi Riyaziyyat" fakültəsinin İqtisadi-Kibernetika şöbəsində təhsil alıb.  M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur və bu universiteti "MBA Executive" proqramı üzrə bitirib. 

O, Azərbaycanda telekomunikasiya və yüksək texnologiyalar sahəsində bir neçə startapların müəllifi və yaradıcısıdır. Azərbaycan Respublikasında telekommunikasiya sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin Baş direktoru olaraq çalışıb. 

İş adamı müxtəlif dövrlərdə "Rosiyskiy Kredit Bank", "United Credit Bank", "Amrahbank", "Atlantbank" və "NikoilBank"da çalışıb və müxtəlif departamentlərə rəhbərlik edib. Bank sahəsində informasiya texnologiyaları, biznesin kreditləşməsi, plastik kartlar, marketinq sferalarında, eləcə də bank filialı rəhbəri kimi də fəaliyyət göstərib.

1998-ci ildə “Smart Systems Technology” MMC şirkətini təsis edib. O, “SMART-BANK”, “Phone to Phone”, “İnternet Service Bank”, “SMS-Bank”, “Wap-Bank” layihələrininin müəllifidir.

2004-cü ildə lokal kabel televiziya şəbəkələrinin yaradılması ilə məşğul olan “SKY” MMC şirkətini təsis edib. “SKY” MMC daha sonra “Ailə TV” brendi altında kabel televizyası və “Ailə NET” brendı altında internet provayder xidmətləri göstərməyə başlayıb. 2010-cu ildən, “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderinə "Caspian Telecom" MMC şirkəti sahib olub və Fuad Allahverdiyev 2015-ci ilə qədər "Caspian Telecom" MMC şirkətinin rəhbəri olaraq fəaliyyət göstərib. 

2015-2016-cı il dövründə Fuad Allahverdiyev Azərbaycanın telekommunikasiya sektorunda aparıcı şirkətlərdən biri olan "CONNECT" MMC-nin Baş direktoru vəzifəsində çalışıb.

2016-cı ilin mart ayından etibarən Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən BBTV Communications kabel televiziyası şirkətinin Baş direktoru və həmçinin Azərfon MMC (NAR Mobile) şirkətinin Biznesin İnkişafı üzrə Baş direktoru vəzifəsində çalışıb.

Fuad Allahverdiyev motosiklet və veloidmanla maraqlanır, “MotoBaku” motoklubunun üzvüdür. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->