XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sinqapurda doğum səviyyəsini artırmaq üçün uşaq ödənişləri 55 min dollara çatdırılacaq
Dünya21:27 24.08.2026

Sinqapurda doğum səviyyəsini artırmaq üçün uşaq ödənişləri 55 min dollara çatdırılacaq

Sinqapur hökuməti ailələrə göstərilən sosial dəstəyi artıracaq. Yeni sistemə əsasən, hər bir uşaq üçün 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları (55,15 min ABŞ dolları) ödənilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Sinqapurun baş naziri Lourens Vonq doğum səviyyəsinin davamlı azalmasından sonra uşaq müavinətləri sisteminə yenidən baxılacağını açıqlayıb.

Yeni qaydalara əsasən, uşağın doğulmasından dərhal sonra ailələrə hər biri 10 min Sinqapur dolları olmaqla iki ödəniş ediləcək. Onlardan biri gələcək təhsil xərclərinin qarşılanmasına yönəldiləcək.

"Gördüyümüz bütün ailə dəstəyinə baxmayaraq, realist olmalıyıq – ümumi doğum əmsalımız, çox güman ki, əhalinin təkrar istehsalı üçün tələb olunan səviyyədən xeyli aşağı qalacaq", deyə Vonq bildirib.

Bundan əlavə, Sinqapur hökuməti valideynlər üçün ilk mənzilin daha asan əldə edilməsinə imkan verən proqram tətbiq edəcək. Üç və daha çox uşağı olan çoxuşaqlı ailələrə isə əlavə valideynlik məzuniyyəti veriləcək. Belə ailələrdə işləyən hər bir valideyn üçün məzuniyyət müddəti əvvəlki 8 gündən 12 günə qədər artırılacaq.

Əvvəllər Sinqapurda uşağın doğulması zamanı valideynlərə birdəfəlik 10 min Sinqapur dollarınadək ödəniş edilirdi. İndi isə uşaq müavinətləri uşağın həyatının bir neçə ilinə bölünəcək. Hakimiyyət bunun doğum səviyyəsinin artırılmasına kömək edəcəyinə ümid edir.

Sinqapur artıq bir neçə onillikdir ki, ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmağa çalışır. 2025-ci ildə ölkədə rekord dərəcədə aşağı doğum səviyyəsi qeydə alınıb – hər qadına orta hesabla cəmi 0,87 uşaq düşüb. Əhalinin sabit şəkildə yenilənməsi üçün isə bu göstəricinin 2,1 olması tələb olunur.

BMT-nin qiymətləndirməsinə görə, 2030-cu ilədək hər dördüncü sinqapurlu 65 yaşdan yuxarı ola bilər.

Aydın