Bir çox insan telefonunda danışdığı mövzu ilə bağlı reklamların sonradan qarşısına çıxdığını düşünür. Bu isə “Smartfonlar bizi dinləyir?” sualını gündəmə gətirir.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, rəqəmsal dünyada tamamilə görünməz olmaq demək olar ki, mümkün deyil. Lakin istifadəçilər şəxsi məlumatlarının qorunması və tətbiqlərin əldə etdiyi məlumatları müəyyən qədər nəzarətdə saxlaya bilərlər.
Mütəxəssislər bunun üçün ən sadə addımlardan birinin telefona tətbiq yükləyərkən tələb olunan icazələrə diqqət yetirmək olduğunu bildirirlər.
İnformasiya Texnologiyaları Sistem Əməliyyatları üzrə menecer Lokman Şahoğlu istifadəçilərin tətbiqləri yüklədikdən sonra onların verdiyi icazələri də yoxlamalı olduğunu deyib:
“Tətbiqləri yüklədikdən sonra da adətən səs parametrlərini bağlamırıq. Mikrofon xidmətlərinə daxil olub, parametrlərdən həqiqətən hansı tətbiqdən istifadə ediriksə, yalnız onları açıq saxlamaq lazımdır. Sosial media platformalarında fərdiləşdirilmiş reklamlar mövcuddur. Onu bağlasanız, əslində bu məlumatlar qarşınıza o qədər də çıxmayacaq”.
Mütəxəssisin sözlərinə görə, “Telefonlar bizi həqiqətən dinləyirmi?” sualının cavabı xeyrdir. Onların sözlərinə görə, smartfonlar istifadəçilərin söhbətlərini dinləmir, lakin telefonlarda həyata keçirilən bir çox fəaliyyəti izləyir.
Bu səbəbdən tətbiqlərə verilən mikrofon, kamera, məkan və digər icazələrin mütəmadi olaraq yoxlanılması, eləcə də fərdiləşdirilmiş reklam seçimlərinin nəzərdən keçirilməsi tövsiyə olunur.
Günay
Şərhlər