Ölkə 14:33 01.06.2023

Gəncədə növbə üstündə dava: 48 yaşlı kişinin gözü töküldü (YENİLƏNİB)

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb
 
10:14

Gəncədə ödəmə terminalının qarşısındakı növbəyə görə yaranan mübahisə dəhşətli cinayətə səbəb olub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Saat 22 radələrində naməlum şəxs növbəyə görə 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə mübahisə edib.

Həmin şəxs daha sonra E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz alması partlayıb və göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.