Ölkə 18:00 17.03.2023

Gənclərimiz niyə gec evlənirlər: son 30 ildə düşüncə və sistemdə dəyişiklik

(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)

Azərbaycanda həyata keçirilən bir sıra sosial-iqtisadi islahatlar nəticəsində ölkədə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına nail olunub. Ölkə əhalisinin sayında tədricən də olsa artım müşahidə edilməkdədir. Bu göstərici hələlik müsbətdir. Azərbaycan əhalisinin sayı ilbəil artır. 

Amma bununla belə, son illərin statistikası demoqrafik vəziyyətin tədricən pisləşməyə doğru gedəcəyini söyləməyə əsas verir. Belə ki, yeni doğulan uşaqların sayı 5-10 il bundan əvvələ nisbətən azalır. Digər demoqrafik problem isə gənclərimizin əvvəlki illərə nisbətən daha gec yaşlarında ailə qurmalarıdır. Halbuki, 30 il bundan öncəyə qədər gənclər orta hesabla əsasən 25-27 yaş arasında evlənirdilər. Hazırda isə insanlar təxminən 30-35 yaşda ailə həyatı qurur.   
Maraqlıdır, görəsən hansı səbəbdən gənclərimiz gec evlənirlər? 

Qaynarinfo-ya açıqlamasında Azərbaycan Psixoloq və Pedaqoqlar Cəmiyyətinin üzvü Samirə Abdullayeva bunun əsas səbəbini son 30 ildə həyatımızda, insanların düşüncəsində, sistemdə əsaslı dəyişikliklərin olması ilə əlaqələndirir: 

"Texnoloji dəyişikliyə uğramışıq. Bu dövrdə tələbatlarımız artıb, amma onu ödəmək çətinləşib. Ailə həyatı elə bir ciddi addımdır ki, gənclər özünü ona hazırlamalıdır. Əvvəllər insanlar zamanla hər şeyin düzələcəyi düşüncəsilə ailə qururdusa, indiki halda gənclərimiz rastlaşdıqları həyat şərtlərinə özlərini hazırlıqlı hiss etdiyi an evlənirlər. Təbii ki, burada söhbət düşgün formalaşmış şəxsiyyətdən gedir. Zamanla insan böyüdükcə fikirləri də dəyişir. Fikirlərimiz dəyişdikcə də görürük ki, bu addımı tez atmağın heç bir mənası yoxdur. İnsan hər bir addımı özünü ona hazır hiss etdiyi anda atmalıdır. Bu, daha doğru yanaşmadır”. 
 
 
Həmsöhbətimiz qeyd edir ki, insanlar hazırda özlərini yalnız hazır hiss edəndən sonra evlənməyə üstünlük verir:

"Bəzən insanlar özlərini hazır hiss etmədiyindən bu addımı atmağa qorxur. Amma zamanla bəziləri də buna alışırlar. Bəzi insanlara ailəsiz yaşamaq, məsuliyyəti üzərinə almamaq daha rahat gəlir. Hazırda cəmiyyətdə elə bir fikir formalaşıb ki, artıq evlənməyə də ehtiyac yoxdur, vətəndaş nikahında da yaşamaq olar. İnsanların beynində transformasiya baş verib. Bir neçə il öncə ayıb bildiklərimizi artıq daha ayıb bilmirik”. 

Ekspert bildirir ki, hər bir halın yaxşı və pis olmaqla iki tərəfi var:

"Pozitiv tərəf odur ki, insanlar artıq özlərini hazır bildikdə, məsuliyyət dərk etdikdə ailə həyatı qurur. Öz boyunlarına məsuliyyət götürməyənlər isə evlənməkdən qaçır. Evlilik qərarına yetişməyən, ailə həyatına özlərini hazırlamayan insanların evlənməsi fonunda isə natamam ailələr və boşanmaların sayı çoxalır.  
Gənclərimizin gec evlənmələrinin səbəblərindən biri onların məsuliyyəti dərk etməsilə bağlıdır. Onlar yalnız yaşamaq üçün ev, normal iş əldə etdikdən, müəyyən sosial pillədə özlərini təmin etdikdən sonra ailə qururlar. Belə ailələr isə daha möhkəm olur. Belə ailələr bir-birinə və övladlarına daha çox dəyər verir. 
Spontan qurulan evliliklər və ailə məsuliyyətindən qaçan, özlərini ona hazır görməyən insanlar isə evləndikdə möhkəm tellərlə ailəyə bağlı olmurlar”.
 
Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.