Dünya 12:40 07.05.2022

“Gürcüstan senarisi” Ukraynada iflasa uğradı: Qərb Kiyevə niyə sahib çıxdı?

"Ukrayna böhranı” başlayan gündən Qərb Moskva ilə qarşıdurmada Kiyevə hərtərəfli dəstək verir. Bu dəstək hətta  o səviyyəyə çatıb ki, ABŞ İkinci Cahan Müharibəsindən sonra ilk dəfə olaraq lend-liz proqramını (müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramı - red) işə salıb. Amma maraqlıdır ki, Qərb alyansı vaxtilə Gürcüstan da Rusiya tərəfindən anoloji aqressiyaya məruz qalanda Tiflisə bu sayaq dəstək göstərilmədi. 

2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edəndə Qərb prosesi sadəcə kənardan izləməklə işini bitirmiş oldu. Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi. Görəsən, Qərb indi Ukraynaya verdiyi dəstəyi 2008-ci ildə niyə anoloji vəziyyətlə üz-üzə qalan Gürcüstana vermədi?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadənin fikrincə, Qərbin 14 il əvvəl Tiflisə dəstək olmaması Gürcüstan ordusunun qısa zamanda Rusiya tərəfindən darmadağın edilməsilə bağlı idi:
 


"Gürcülərə həmin dövrdə dəstəyin olmaması yalnız Gürcüstanın müqavimət gücünün zəifliyindən qaynaqlanırdı. Yalnız həmin müharibənin sonuna yaxın ABŞ öz hərbi gəmisini Qara dənizə göndərərək, Putindən hərbi əməliyyatları dayandırmağı tələb etdi. Ukraynaya da müharibənin ilk mərhələsində demək olar ki, dəstək yox idi. Qərb ona da ilk əvvəl tamamilə laqeyd yanaşırdı. Lakin Ukraynanın müqaviməti gücləndikcə, Qərbdə anladılar ki, Kiyevə dəstək versələr Rusiya zəifləyəcək. Ona görə də artan xətlə Kiyevə dəstək verməyə başladılar. İndi isə artıq hamı əmindir ki, müharibə davam etsə, Ukrayna qalib gələcək. Ona görə də kisənin ağzını açaraq, hamı səxavətlə Kiyevə maliyyə dəstəyi, siyasi, hərbi, mənəvi yardımı göstərir”. 

Hərbi ekspert Ədalət Verdiyevə görə isə həmin dövrdə Qərb Gürcüstana dəstəyin faydasının olmayacağını anlayırdı: 
 


"Bu ilk növbədə ondan irəli gəlirdi ki, 2008-ci ilə qədər olan müddətdə Rusiya ətrafına qarşı indiki qədər aşkar aqressiv deyildi. Həm də Gürcüstanın insan resursları, miqyas və imkanlarına görə Rusiya ilə balanslı müaqavimət ortaya qoya bilməyəcəyini Qərb anlayırdı. Yəni Qərb Gürcüstana belə bir dəstəyin faydasının olmayacağını hesablamışdı. Digər tərəfdən, Qərbin özü də belə dəstəyə hazır deyildi. Həmin dövrdə Qərb daxilində Rusiyanın çökdürülməsi məsələsində vahid konsolidasiya yox idi”. 

Rüfət Sultan