Bir müddət əvvəl Müsavat Ali Məclisinin sədri Arif Hacılı Sülhəddin Əkbərlə bağlı bir sıra iddialar irəli sürüb. Arif Hacılı Facebook hesabında Sülhəddin Əkbərin vaxtilə Heydər Əliyevdən ona yüksək vəzifə verilməsini istədiyini yazıb.
Modern.az Sülhəddin Əkbərlə əlaqə saxlayaraq, bu iddiaya münasibət öyrənib.
Saytımıza açıqlamasında S.Əkbər bunları deyib:
"Mən Xalq Cəbhəsi İdarə Heyətinin üzvüydüm. İdarə Heyəti 15 nəfərdən ibarət olub. Yəni Xalq Cəbhəsinin liderlərindən biriydim. 20 Yanvar hadisələrindən sonra Heydər Əliyev Naxçıvana gəlmişdi. Çalışırdı ki, Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri ilə əlaqə qursun, tanımadıqları ilə tanışlıq yaratsın. Mən bir neçə dəfə Heydər Əliyevlə görüşdən imtina etmişəm. Yalnız bir dəfə Naxçıvanda görüş olub. Vasif Talıbovun evində görüşmüşük. O zaman Heydər Əliyev heç millət vəkili də deyildi. Həmin görüşə də Naxçıvanda bir hörmətli şəxsin təkidi ilə onun görüşünə getdim. İndi o rəhmətə gedib, ad çəkmək istəmirəm. Hamı gedib görüşmüşdü, bir mən qalmışdım. Yoldaşlar da dedilər ki, yaxşı alınmır, sadəcə tanışılıq üçün görüş olacaq. O zaman da, sonra da heç bir vəzifə istəyim olmayıb".
S.Əkbər bildirib ki, həmin dövrdə o, həm də Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olub.
"1992-ci ildəki 15 may hadisələri zamanı mən ümumiyyətlə Xalq Cəbhəsinin üzvü deyildim. Biz artıq Azərbaycan Demokrat Partiyasını yaratmışdıq. Ona görə də kadr dəyişikliyilə bağlı müzakirə gedən danışıqların heç birində mən iştirak etməmişəm. Mən o zaman Milli Şuranın üzvüydüm, zalda əyləşirdim. Orada hansı söhbətlər gedib, mənim adımı kimlər, nə məqsədlə çəkiblərsə, ancaq sonradan bilmişəm", - S.Əkbər əlavə edib.
Şərhlər