XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Silaha görə məhkum olunmuşdu - Yenidən "Makarov"la yaxalandı
Ölkə22:57 30.09.2026

Silaha görə məhkum olunmuşdu - Yenidən "Makarov"la yaxalandı

Qanunsuz odlu silah əldə edib üzərində gəzdirən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü R.Y. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, R.Y. istintaqa məlum olmayan mənbədən “Makarov” konstruksiyalı, 9 mm çaplı tapança və onun darağını qanunsuz əldə edərək üzərində saxlayıb və daşıyıb.

O, Bakı şəhərinin Səbail rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Üzərinə baxış keçirilərkən bel nahiyəsinin sol tərəfindən 1969-cu ildə keçmiş SSRİ-də istehsal olunmuş, “ИТ-6971” nömrəli “Makarov” tipli tapança və daraq aşkarlanaraq götürülüb. Ekspertiza silahın texniki cəhətdən saz və atəş üçün yararlı olduğunu müəyyən edib.

R.Y. məhkəmədə silahı təxminən bir ay əvvəl Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində tapdığını bildirib. O, silahdan istifadə etmədiyini, qanunsuz olduğunu bildiyi halda maraq səbəbindən üzərində gəzdirdiyini və əməlindən peşman olduğunu deyib.

Məhkəmə R.Y.-nin əvvəllər də odlu silahla bağlı cinayətlərə görə məhkum edildiyini və yeni əməli törədərkən məhkumluğunun ödənilmədiyini müəyyən edib. Bu hal residiv kimi qiymətləndirilib və cəzanı ağırlaşdıran hal sayılıb.

Hökmə əsasən, R.Y. 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilib.

Cinayət işi üzrə maddi sübut kimi tanınan tapança və darağın hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinə təhvil verilməsi qərara alınıb.

Aydın