XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qısa dırnaqlar üçün 2026-cı ilin payız trendləri - 5 dəbli manikür (FOTO)
DƏB08:15 01.10.2026

Qısa dırnaqlar üçün 2026-cı ilin payız trendləri - 5 dəbli manikür (FOTO)

Bu payız qısa dırnaqlar uzun dırnaqlardan heç də az effektli görünmür.

Qaynarinfo xəbər verir ki, qısa uzunluq dəbli dizayn üçün kifayət qədər imkan yaradır. Qısa dırnaqlar üçün manikür axtarırsınızsa, tünd çalarlara, minimalist fransız manikürünə, qeyri-adi teksturalara və zərif parlaqlığa diqqət yetirə bilərsiniz.

2026-cı ilin qısa dırnaq manikürü: ən yaxşı seçimlər

Stilistlər bu payız qısa dırnaqlar üçün xüsusilə aktual olacaq beş trend dizaynı açıqlayıblar:

Tünd albalı. Dərin albalı, bordo və qırmızı şərab çalarları yenidən payız mövsümünün əsas rənglərinə çevrilir. Qara rəngə yaxın tünd variant xüsusilə effektli görünür. Belə manikür özü kifayət qədər ifadəli olduğundan əlavə dekora ehtiyac qalmır. Qısa dırnaqlarda tünd albalı yumşaq kvadrat və ya bir qədər dairəvi formada yaxşı görünür. Parlaq örtük rəngin dərinliyini vurğulayır, yarı şəffaf, jele effektli lak isə manikürə daha yüngül görünüş verir.

Espresso. Tünd qəhvəyi, qəhvə rəngi klassik qara manikürə əsas alternativlərdən birinə çevrilir. Bu rəng zəngin və nəcib görünsə də, qara rəngdən daha yumşaq və isti təsir bağışlayır. Qısa dırnaqlar üçün əlavə detalları olmayan, eyni rəngli parlaq örtük uyğundur. Müxtəliflik istəyənlər südlü şokolad, mokka və ya karamel çalarlarını seçə, yaxud nazik qızılı xətt əlavə edə bilərlər. Qəhvəyi tonlar bej, krem və zeytun rəngli geyimlərlə xüsusilə harmonik görünür.

Mikrofransız. Klassik fransız manikürü bu payız daha da incəlir. Dırnağın kənarında geniş ağ zolaq əvəzinə demək olar ki, çəkisiz incə xətt istifadə olunur. Məhz buna görə mikrofransız qısa dırnaqlar üçün xüsusilə uyğundur: dizayn dırnaq səthini yükləmir və səliqəli görünüşü qoruyur. Ağ rəngdən əlavə şokolad-qəhvəyi, bordo, qara, zeytun və ya qızılı ucluq seçmək mümkündür. Maksimum təmkinli görünüş üçün yarı şəffaf çəhrayı baza üzərində nazik qəhvəyi xətt istifadə edilə bilər.

Tısbağa naxışı. Aksesuarlarda və eynək çərçivələrində çoxdan tanınan tısbağa naxışı indi manikürdə də geniş istifadə olunur. Kəhrəba, karamel və şokolad rəngli ləkələr isti payız ab-havası yaradır, yarı şəffaf qatlar isə örtüyə qiymətli daş görünüşü verir. Belə dizayn çoxlu xırda detallar olmadan qısa dırnaqlarda xüsusilə uğurlu görünür. Bundan başqa, dəri çəkmələrdən bej trençkot və qalın sviterlərə qədər payız qarderobu ilə asanlıqla uyğunlaşır.

Məxməri "pişik gözü". "Pişik gözü" effekti bu payız yeni görünüş qazanır. Məxməri versiyada parlaqlıq daha yumşaq və yayılmış olur və bunun sayəsində dırnaq səthi parıltılı teksturaya malik parçanı xatırladır. Effekt maqnit lakının köməyi ilə yaradılır: maqnitin təsiri altında işıq hissəcikləri müəyyən istiqamətdə düzülür. Nəticədə örtük işıqlandırmadan asılı olaraq dəyişir və demək olar ki, həcmli görünüş qazanır.

2026-cı ilin payızı bir daha sübut edir ki, qısa dırnaq uzunluğu dizayn seçimini məhdudlaşdırmır. Tünd albalı, espresso, mikrofransız, tısbağa naxışı və ya məxməri "pişik gözü" – istənilən üsluba uyğun manikür seçmək üçün kifayət qədər variant var.

Aydın