“Loretto İnvest Team” MMC xaricə köçürdüyü 10 min dollardan çox vəsaiti geri qaytarmayıb.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycanda məişət texnikası sahəsində fəaliyyət göstərən, “Loretto” brendinin rəsmi nümayəndəsi və idxalçısı olan şirkət Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi valyuta əməliyyatları qaydalarının tələblərini pozmaqda təqsirli bilinib.
Nizamnamə kapitalı 50 010 manat olan “Loretto İnvest Team” MMC-nin qanuni təmsilçisi Nigmatov Sayfulla Gaybulla oğludur.
Məhkəmə materiallarına əsasən, şirkət 2024-cü ildə 10 584 ABŞ dolları məbləğində vəsaiti qabaqcadan ödəniş kimi xaricə köçürüb.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməli və ya əvvəlcədən ödənilmiş məbləğ geri qaytarılmalıdır.
Lakin “Loretto İnvest Team” MMC ödənişdən iki il keçməsinə baxmayaraq, 10 584 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədi banka təqdim etməyib. Eyni zamanda, həmin vəsait xaricdən geri qaytarılmayıb.
Bununla bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmə şirkətin əməlində inzibati xəta tərkibinin olduğunu müəyyən edib və “Loretto İnvest Team” MMC-ni təqsirli bilib.
Nəticədə şirkətə inzibati xətanın bilavasitə obyekti olan 10 584 ABŞ dolları məbləğində vəsaitin 20 faizi, yəni 2 116,8 ABŞ dolları məbləğində cərimə tətbiq edilib.
Cərimənin ödəniş gününə qüvvədə olan ABŞ dollarının Azərbaycan manatına rəsmi məzənnəsi ilə hesablanması qərara alınıb.
Aydın
Şərhlər