Alimlər pişiklərin geniş yayıldığı ölkələrdə insanların rifah göstəricilərinin daha yüksək olduğunu müəyyən ediblər. Lakin araşdırmada pişiklərdən insanlara keçə bilən parazitlərlə bağlı fərqli nəticə də ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, Meksika alimlərinin araşdırması 93 ölkənin məlumatları əsasında aparılıb və nəticələr “PLOS One” jurnalında dərc olunub.
Tədqiqatçılar ölkələrin gəlirləri, ÜDM göstəriciləri, səhiyyə xərcləri, ev pişiklərinin sayı və pişiklərdən insanlara keçə bilən Toxoplasma gondii parazitinin yayılma səviyyəsini müqayisə ediblər.
Nəticələrə görə, ölkədə pişiklərin sayı artdıqca əhalinin orta rifah göstəricisi də yüksəlməyə meyilli olub. Finlandiya, Danimarka və İsveç kimi yüksək rifah göstəricilərinə malik ölkələrdə hər 10 min nəfərə təxminən 1700-2000 pişik düşdüyü qeyd edilib.
Lakin Toxoplasma gondii parazitinin daha geniş yayıldığı ölkələrdə bu əlaqə əhəmiyyətli dərəcədə zəifləyib. Livan, Yəmən, Qabon və Efiopiyada parazitin yayılma səviyyəsi yüksək olduğu halda, həmin ölkələr rifah göstəricilərinə görə daha aşağı mövqelərdə qərarlaşıb.
Bununla belə, Səudiyyə Ərəbistanı və Braziliya istisna təşkil edib. Bu ölkələrdə toksoplazmanın yayılma səviyyəsi yüksək olsa da, əhalinin rifah göstəriciləri nisbətən yüksək olub.
Alimlər vurğulayıblar ki, araşdırma yalnız ölkələr səviyyəsində statistik əlaqələri göstərir. Buna görə də pişiklərin çox olmasının insanları birbaşa daha xoşbəxt etdiyi və ya toksoplazmanın əksinə, insanların rifahını azaltdığı qənaətinə gəlmək olmaz.
Tədqiqatçılar hesab edirlər ki, pişiklərin sayı ilə rifah arasındakı əlaqənin arxasında iqtisadi amillər də dayana bilər. Daha yüksək gəlirə və səhiyyə xidmətlərinə daha yaxşı çıxışa malik insanlarda ev heyvanı saxlamaq imkanının daha çox olması mümkündür.
Alimlərə görə, araşdırmanın maraqlı tərəfi rifah, sağlamlıq, insanlarla heyvanlar arasındakı münasibətlər və yoluxucu xəstəliklər kimi adətən ayrı-ayrılıqda öyrənilən amillərin bir-biri ilə əlaqəsinin araşdırılmasıdır.
Mütəxəssislər aşkar olunan qanunauyğunluqların səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onların fikrincə, insanların rifahını anlamaq üçün yalnız sosial-iqtisadi göstəriciləri deyil, bioloji və ekoloji amilləri də nəzərə almaq lazımdır.
Aydın
Şərhlər