Türkiyəli sosial media fenomeni Dilan Polat prezidentə təhqir ittihamı ilə bağlı başladılan araşdırma çərçivəsində saxlanılıb.
Qaynarinfo-nun NTV-yə istinadən məlumatına görə, polis əməkdaşlarının müşayiəti ilə məhkəmə binasına gətirilən Dilan Polat prokurora ifadə verəcək.
Dilan Polat və həyat yoldaşı Engin Polat son illərdə müxtəlif istintaq və məhkəmə araşdırmaları ilə gündəmə gəlib. Cütlük cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc və şans oyunları ilə bağlı qanunvericiliyi pozmaqda ittiham olunub.
Onların hər biri üçün 40 ilədək həbs cəzası tələb edilib. Dilan və Engin Polat 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Dilan Polatın adı son olaraq Alaçatıda ər-arvadın mühafizəsində çalışan Can Polatın öldürülməsi hadisəsi ilə bağlı gündəmə gəlib. Cinayətdə şübhəli bilinən S.A. ifadəsində hücumdan əvvəl onların qaldığı yerləri Dilan Polatın sosial media paylaşımlarından müəyyən etdiyini bildirib.
Bundan sonra Ailə və Sosial Xidmətlər Nazirliyi məsələ ilə bağlı müraciət edib və Ankara Sülh Cəza Məhkəməsi Dilan Polatın “Instagram” hesabına girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Günay
Şərhlər