XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq
Ölkə19:00 30.09.2026

Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq

Xəzər dənizində suyun səviyyəsinin kəskin azalması davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib.

Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb. Sahilyanı ərazilərdə isə suyun səviyyəsi 1,5 metrdən çox aşağı düşüb.

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması, sonradan isə yenidən artması ehtimalı alimləri və ekoloqları ciddi şəkildə düşündürən məsələlərdəndir. Onun sözlərinə görə, Xəzərin su balansında Volqa çayının xüsusi rolu var:

“Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəblərindən biri Volqa çayı ilə bağlıdır. Xəzər dənizi əsasən Volqa çayından qidalanır. Volqa hövzəsindən istifadə edən əhalinin sayı təxminən 20 milyondur. Yağıntıların azalması və buxarlanmanın artması Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindəndir. Bunu uzun illərdir deyirik”.

Xosrov Musayev bildirib ki, vVaxtilə Xəzər dənizinin səviyyəsində artım müşahidə olunurdu:

”Həmin dövrdə Volqa çayının axınının başqa çaylar hesabına artırılması və Xəzərin gəmiçilik üçün daha əlverişli vəziyyətə gətirilməsi ilə bağlı layihələr müzakirə edilirdi. Lakin bu layihələr özünü doğrultmadı və nəticədə ləğv edildi”.

Ekoloq hesab edir ki, su qıtlığı artıq dünyada ən ciddi problemlərdən birinə çevrilib:

“Dünyada 33 ölkə su qıtlığından əziyyət çəkir. Azərbaycan da su ehtiyatları baxımından ciddi problemlərlə üzləşən ölkələr sırasındadır. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi çox böyük fəsadlara səbəb ola bilər.Suyun sahildən geri çəkilməsi sahilyanı ərazilərdə infrastrukturun fəaliyyətinə təsir göstərəcək, istər-istəməz ekoloji və sosial problemlər yaradacaq”.

Xosrov Musayev vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin azalması suda yaşayan canlılar üçün də ciddi təhlükə yaradır.

Bahar Rüstəmli