Cənubi Koreyanın Busan şəhərində su kanalına girən və açıq dənizə qayıtmayan 3,5 metrlik köpəkbalığı şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.
Qaynarinfo-nun AFP-yə istinadən məlumatına görə, buğa köpəkbalığı olduğu ehtimal edilən heyvan liman ərazisinə çoxsaylı ziyarətçi cəlb edib, yerli ticarətin canlanmasına səbəb olub.
Sahil mühafizə xidmətinin əməkdaşları köpəkbalığını su püskürdən qayıqlardan istifadə etməklə açıq dənizə yönəltməyə çalışıblar. Lakin cəhdlər nəticə verməyib.
Yerli sakinlər tərəfindən limanın adına uyğun olaraq “Bukhangi” adlandırılan köpəkbalığının yaratdığı maraq bölgədə biznesə də təsir edib. Belə ki, ərazidəki marketlərdə köpəkbalığı formasında dondurmaların satışı təxminən 30 faiz artıb.
Bundan başqa, məşhur “Baby Shark” mahnısının prodüseri olan The Pinkfong Company şirkətinin səhmləri birja ticarətində qısa müddət ərzində 7 faizdən çox bahalaşıb.
Busan meri Çun Ce-su köpəkbalığının şəhərə milyardlarla von dəyərində reklam imkanı yaratdığını bildirib və heyvana təşəkkür edib.
Şəhərdə keçirilən səsvermədə Bukhangi səslərin 91 faizini toplayaraq Busanın fəxri tanıtım elçisi seçilib.
Mütəxəssislər isə buğa köpəkbalıqlarının əsasən tropik və subtropik sularda yaşadığını bildirirlər. Pukyong Milli Universitetinin professoru Kim Cin-qu Cənubi Koreya sularında bu növ köpəkbalığının görünməsinin çox nadir olduğunu deyib.
Onun sözlərinə görə, Cənubi Koreya ətrafında dəniz suyunun temperaturunun artması heyvanın ölkə sahillərinə yaxınlaşmasına səbəb olmuş ola bilər.
Köpəkbalığının yaratdığı maraq sosial şəbəkələrdə saxta məlumatların yayılmasına da səbəb olub. İkinci köpəkbalığının görüldüyü barədə məlumatlardan sonra bəzi istifadəçilər onun Bukhanginin balası olduğunu iddia edib və süni intellektlə hazırlanmış saxta görüntülər yayıblar.
Busan meriyasının nümayəndəsi isə AFP-yə bildirib ki, Bukhangidən başqa ərazidə ikinci köpəkbalığı qeydə alınmayıb. Bildirilib ki, heyvanı yenidən açıq dənizə yönəltmək üçün cümə günü cəhd ediləcək.
Günay
Şərhlər